"COP29-da yaşıl kənd təsərrüfatına keçid də müzakirə olunmalıdır" — Ekoloq

COP29 27 may 2024, 13:36
 “Yaşıl kənd təsərrüfatına ilk növbədə kənd təsərrüfatı obyektlərini bioqaz qurğuları ilə təmin etməklə keçid edilməlidir. COP29-da bu məsələ də diqqətə çatdırılmalıdır”.

Bunu Demokrat.az-a açıqlamasında Ekoloq Jurnalistlər Birliyinin sədri Cəmşid Bəxtiyar deyib.O qeyd edib ki, yaşıl kənd təsərrüfatını bioqaz qurğuları olmadan təsəvvür etmək qeyri-mümkündür:

“İlk növbədə bu, heyvandarlıq təsərrüfatlarına aiddir. Çünki bioqaz qurğularının əsas xammalı heyvandarlıq təsərrüfatlarının tullantısı olan yaş peyindir. Yaş peyin açıq havaya atıldıqda çürüyərək tərkibindəki metan qazı atmosferə atılır. Bu da atmosferin yuxarı qatlarına qalxaraq orada azon qatının aşılanması ilə nəticələnir. Bu isə istilikxana effektinin yaranmasının əsas səbəbidir. Bu istilikxana effekti də iqlim dəyişikliklərinə səbəb olan amillərindən biridir. Beləliklə bu amilin qarşısının müəyyən qədər alınması üçün mütləq kənd təsərrüfatı obyektlərində, heyvandarlıq müəssisələrində bioqaz qurğularının tətbiqinə nail olmalıyıq". 

Ekspert bildirib ki, bioqaz qurğuları ilə bağlı ən vacib məsələ bunun dövlət tərəfindən maliyyələşdirilməsidir:

"Bu, bir nömrəli məsələ olaraq yaşıl kənd təsərrüfatı mövzusunun əsas obyekti kimi həmişə müzakirə edilməli və bu yöndə real addımlar atılmalıdır. Bütün hallarda dövlət, beynəlxalq təşkilatlar bu işdə maraqlı olmalıdır. COP29-un proqramı çərçivəsində bu məsələlər də müzakirə edilməlidir”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top