"Kəsim üçün gətirilmiş heyvanların baytar yoxlaması aparılmır" — İRAD

GÜNDƏM 23 may 2024, 21:42
Ölkə Prezidentinin “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” müvafiq Sərəncamının icrası ilə bağlı müasir tələblərə uyğun heyvan kəsimi məntəqələrinin yaradılması, baytarlıq-sanitariya normalarına cavab verməyən yerlərdə heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət qurumları ilə birgə tədbirlərini davam etdirir. AQTA-nın məlumatında bildirilir ki, bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Agentlik tərəfindən baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir stasionar və modul tipli heyvan kəsimi məntəqələrinin yaradılması məqsədilə müvafiq baytarlıq-sanitariya normaları hazırlanaraq qəbul edilib. Həmçinin kiçik və orta tutumlu heyvan kəsimi məntəqələri üçün texnoloji eskiz layihəsi hazırlanaraq yerli icra hakimiyyəti orqanlarına göndərilib. Həmin layihələr əsasında kəsim məntəqələrinin yaradılması istiqamətində regionlarda sahibkarlarla çoxsaylı maarifləndirici görüşlər keçirilib və mütəxəssislər tərəfindən onlara hərtərəfli metodiki kömək davam etdirilməkdədir. Görülmüş işlər nəticəsində ölkə üzrə müasir baytarlıq-sanitariya tələblərinə uyğun kəsim məntəqələrinin sayı 83-ə çatdırılıb. Hansı ki, bu rəqəm Agentlik fəaliyyətə başladığı dövrdə 15 idi. Hazırda bu istiqamətdə fəaliyyətlər daha da genişlənməkdədir. “Ancaq təəssüflə qeyd etməliyik ki, ölkə ərazisi üzrə hələ də 14 rayonda qanuni heyvan kəsimi məntəqələrinin təşkili istiqamətində ləngimələr var və hazırda bu rayonların ərazisində bu cür kəsim məntəqələri fəaliyyət göstərmir”. Məlumatda  qanuni heyvan kəsimi məntəqələrinin mövcud olmadığı rayonlar qeyd olunub. Bunlar,  Ağsu, Astara, Balakən, Beyləqan, Biləsuvar, Hacıqabul, Kürdəmir, Lerik, Neftçala, Qax, Saatlı, Ucar, Xızı və  Yardımlı rayonlarıdır.  AQTA sahibkarlara müraciət edərək bildirir ki, onlar qanunvericilik çərçivəsində heyvan kəsimi məntəqələri yaratmaq üçün rayon icra hakimiyyətlərinə, mütəxəssislər tərəfindən peşəkar köməklik və baytarlıq-sanitariya normaları ilə bağlı məlumatları əldə etmək üçün Agentliyin müvafiq regional bölmələrinə müraciət edə bilərlər.

Məsələ ilə bağlı Demokrat.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd etdi ki, AQTA heyvan kəsimi məntəqələrinin təşkilində son 4 ildə xeyli irəliləyiş əldə
edib. Lakin son hədəfə çatmaq hələ mümkün olmayıb: 


- Bu problemin həllini tapmamasında yerli icra hakimiyyətləri orqanlarının böyük günahı var. Onların üzərinə düşür bu məsələnin yerlərdə həlli. Lakin məsələnin həllini tapmaması bir daha onu göstərir ki, dövlət orqanları arasında sinxron əlaqə zəifdir. Gərək AQTA-nın qaldırdığı məsələ yerlərdə icra orqanları tərəfindən yerinə yetirilsin. Burada ciddi məsələlərdən biri də istehlakçıların qanunsuz kəsim məntəqələrinə tələb yaratmasıdır. Əhali çox zaman heyvanların küçə kəsiminə üstünlük verir. Dana, quzu ətini harada gəldi, alırlar. Ona görə ət kəsimi və satışı ilə məşğul olanlar ixtisaslaşmış məntəqələrin yaradılmasına maraq göstərmir. Bu məsələdə AİB-nin də günahı var ki bu istehlakçıların kifayət qədər maarifləndirilməsi işini apara bilmir. Biz küçələrdə ət kəsimi və satışına son qoymalıyıq. AQTA məntəqələr yaradıb, sanitariya qaydaları tətbiq edib. Ətin hansı hissələri qida üçün yararlı, hansı hissələri yarasızdır, bununla bağlı da məlumatlandırır, müəyyən işlər aparır. Lakin icra orqanları, bələdiyyələr bu işdə AQTA-ya kömək etmir. Ona görə də vəziyyət dəyişmir. Vəziyyətin müsbət yöndə dəyişməsi üçün mütləq mərkəzləşmiş kəsim məntəqələri olmalıdır. 

E.Hüseynov bildirdi ki, yerlərdə AQTA-nın tələblərinə məhəl qoyulmur: 

- Mən dəfələrlə müşahidə etmişəm ki, ət kəsimi, satışı ilə məşğul olanlar xüsusi geyimdə deyillər. Kəsim üçün gətirilmiş heyvanların baytar yoxlaması aparılmır. Heyvan kəsilmədən öncə temperaturu yoxlanmalıdır, amma yoxlanmır. Qəssablar da bu işdə maraqlı görünmür.     

Törə Zeynallı 
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top