36 yaşlı kişidən dəhşətli qətl: Fəhləlik etdiyi tanışını amansızlıqla öldürdü

KRİMİNAL 23 may 2024, 13:56
Bakının Sabunçu rayonunda 1988-ci il təvəllüdlü Adil Əsgərov tanışı, 1970-ci il təvəllüdlü Firdovsi Nəcəfovu öldürüb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Adil 25 oktyabr 2023-cü ildə, saat 16:50-də Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsindən Sabunçu qəsəbəsi istiqamətində yolun sağ tərəfində yerləşən qutab evinin qarşısında olarkən onunla birgə fəhlə işləyən Firdovsi ilə aralarında baş vermiş xırda mübahisə zamanı sonuncunun onun ünvanına nalayiq ifadə işlətməsini bəhanə gətirib, onu öldürmək qərarına gəlib.

Adil  cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə yaxınlıqda yerdən götürdüyü küt alət olan dəmir parçası ilə Firdovsinin baş nahiyəsinə zərbələr endirib. Firdovsi aldığı zərbələr nəticəsində ölüb. 

Hadisəni törədən Adilin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. 

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Adil ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Firdovsi ilə birlikdə fəhləlik edib: “Mənim Firdovsini qəsdən öldürmək niyyətim olmayıb. Firdovsi məni və ailə üzvlərimə qarşı nalayiq ifadələr işlətdiyindən onu cəzalandırmaq məqsədi ilə kəllə və təpik zərbələri ilə baş nahiyəsinə zərbələr endirmişəm. Lakin bu zaman hər hansı dəmir və ya taxta parçasından, habelə digər küt alətdən istifadə etməmişəm. Hadisə təxminən saat 17-18 radələrində baş verib. Hadisə baş verərkən bizə heç kim müdaxilə etməyib. Həmin gün, yəni 25 oktyabr 2023-cü ildə az miqdarda spirtli içki qəbul etdiyimdən yüngül dərəcəli sərxoş olmuşam. Hadisə baş verdikdən sonra məni heç kim tutmayıb. Mən polis əməkdaşlarına özüm təslim olmuşam”.

Məhkəmə təqsirləndirilən şəxsin hazırkı ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələr arasında ziddiyyətlər olduğunu müəyyən edib. Bu səbəbdən hakimlər heyəti onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan ediblər. 

Həmin ifadədən görünür ki, Adil tutulana qədər Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Şəhriyar kəndində qeydiyyatda olub və Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivi, nömrəsiz fərdi evdə tək yaşayıb: “Əvvəllər Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsi ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşam. Azadlığa çıxdıqdan sonra müxtəlif işlərdə işləsəm də, bir aya yaxındır Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsi yaxınlığında fəhləliklə məşğul olmuşam. Sonuncu dəfə, yəni 25 oktyabr 2023-cü ildə, saat 11 radələrində Zabrat dairəsinə gedərək fəhlələrin dayandığı yerdə iş tapmaq üçün gözlədim. Orada məndən başqa digər fəhlələr də olub. Saat 17 radələrində acdığım üçün üzü Sabunçu qəsəbəsi istiqamətində yolun sağ tərəfində yerləşən qutab evinə qutab yemək üçün getdim. Həmin vaxt mənimlə birgə fəhlə işləyən Firdovsi həmin qutab evinə gələrək özü üçün qutab sifariş verərkən mən çölə çıxdım. Təxminən 1-2 dəqiqə sonra Firdovsi mənə yaxınlaşaraq “hər gün işləyirsən, işləməyən bizik” ifadəsini işlədəndə ona o oğurluq etmədiyimi, işləyib çörək pulu qazandığımı bildirdim”. 

Adil qeyd edib ki, həmin vaxt aralarında mübahisə baş verib və mübahisə zamanı Firdovsi onun ailə üzvlərinə qarşı nalayiq ifadələr işlədib: “Bundan sonra əsəbi olduğum üçün Firdovsini vurmaq istədim. Buna görə yaxınlıqda olan küt dəmir parçasını əlimə götürdüm. Həmin vaxt Firdovsi artıq yolu keçərək “Louvre” şadlıq sarayının qarşısında dayanmışdı. Əlimdəki küt dəmir parçası ilə Firdovsiyə yaxınlaşdım. Lakin sonuncuya həmin dəmir parçası ilə deyil, kəllə ilə baş nayihəsinə bir dəfə zərbə vurdum. Həmin zərbədən sonra Firdovsi yerə yıxıldı. Mən yerdə uzanıqlı vəziyyətdə olarkən təpiklə baş nayihəsinə iki dəfə zərbə yetirdim. Həmin zərbələrdən sonra Firdovsinin başından qan gəlməyə başladı. Dərhal yaxınlıqda olan polis əməkdaşları bizə yaxınlaşaraq məni xidməti avtomobillərinə əyləşdirib 15-ci polis bölməsinə apardılar”. 

Təqsirləndirilən şəxs deyib ki, onun Firdovsinin baş nayihəsinə kəllə və təpiklə zərbələr endirməkdə məqsədi onu öldürmək olmayıb: “Hadisə ərəfəsində Firdovsi ailə üzvlərimə qarşı nalayiq ifadələr işlətdiyi üçün əsəbi olduğumdan onu vurmuşam. Firdovsiyə ilk zərbəni, yəni kəllə vurarkən qarşılıqlı olaraq ayaq üstə olmuşuq. Firdovsi kəllə zərbəsindən sonra yerə yıxıldı və yerdə uzanıqlı vəziyyətdə olarkən ayaq üstə təpiklə onun baş nayihəsinə zərbələr endirdim. Firdovsiyə yetirdiyim zərbələr ümumi olaraq bir dəqiqə ərzində baş verib. Firdovsi mənə qarşı nalayiq ifadələr işlədib. Firdovsi hadisə zamanı mənə müqavimət göstərməyib, məni vurmayıb. Hadisə zamanı hər hansı xəsarət almamışam. Hadisə zamanı içkili olsam da, narkotik vasitə təsiri altında olmamışam. Narkotik vasitələrin istifadəsi ilə əlaqədar müalicə almamışam, dispanserdə qeydiyyatda deyiləm”. 

Zərərçəkmiş Firdovsinin hüquqi varisi qismində ifadə verən oğlunun sözlərinə görə, Goranboy rayonu, Qarasüleymanlı kəndində anası ilə birlikdə yaşayır: “Zərərçəkmiş Firdovsi mənim doğma atamdır. Valideynlərim 1993-cü ildə ailə həyatı qurub. Bu nikahlarından mən və bacım dünyaya gəlmişik. Bacım hazırda evlidir və bizdən ayrı yaşayır. Anam ilə atam ailə daxili münasibətlərin pozulması səbəbindən sonradan rəsmi qaydada boşanıblar. Atam uzun müddət Sabunçu rayonu, Zabrat qəsəbəsində köhnə zavod ərazisində yaşayıb. Atam orada yaşadığı müddətdə Zabrat dairəsində fəhləlik edərək bizim və özünün maddi ehtiyacını qarşılayıb. 2-3 aydan bir rayona evimizə gəlib, ara-sıra telefonla danışmışıq. Sonuncu dəfə atamın hadisədən bir neçə ay öncə Goranboy rayonunda görmüşdüm. Çünki həmin ərəfədə mən işim ilə bağlı Rusiya Federasiyasında olmuşdum. Lakin hadisə günü, yəni 25 oktyabr 2023-cü ildə, səhər saatlarında mən atam ilə mobil telefonla danışaraq hal-əhval tutmuşdum. Həmin vaxt atam mənimlə normal danışdı. Sadəcə işin az olması ilə bağlı şikayətləndi. Mən Rusiya Federasiyasının Stavropol şəhərində özüm üçün işlərimi yoluna qoyduqdan sonra atamı da yanıma gətirərək işləməsini istəmişdim. Atam ilə bir qədər danışdıqdan sonra sağollaşdıq. Atam həmin vaxt mənə hər hansı problemi və ya kiminləsə ədavətinin olması barədə bir söz demədi. Buna baxmayaraq, elə həmin günün axşam saatlarında anam zəng edərək atamın ölümü barədə məlumat verdi”. 

Hüquqi varis qeyd edib ki, atasının qətlə yetirilməsini bildikdən sonra aviabilet alaraq Azərbaycan Respublikasına geri qayıdıb və atasının yas mərasiminə özünü çatdırıb: “Atamı vəhşicəsinə öldürmüş Adili tanımıram. Atamın heç kimlə düşmənçiliyi və mübahisəsi olmayıb. Mən onun barəsində ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını istəyirəm”.

3 il azadlıqda qalan Adil yenidən daha ağır ittiham, xüsusi amansızlıqla qətl törətməkdə təqsirli bilinib. Məhkəmə onun əməlini tam sübuta yetirilmiş hesab edib. Məhkəmənin hökmü ilə Adil Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə təqsirli bilinib. Ona 19 il 6 ay azadlıqdan məhrum etmə cəzası təyin olunub. Adilinin cəzasının ilk 3 ilini həbsxanada, qalan hissəsini isə xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Hökmdə qeyd olunub ki, Adil Bakı Ağır Cinayətlər Məhkəməsində 2014-cü ildə Cinayət Məcəlləsinin 149.2.1-ci (zorlama - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilib. Həmin dövrdə mütəşəkkil dəstənin tərkibində qadını zorlamaqda ittiham olunan Adil 8 il azadlıqdan məhrum edilib. Xəzər Rayon Məhkəməsinin 9 may 2020-ci il tarixli qərarı ilə həmin hökm üzrə təyin edilmiş cəzasının çəkilməmiş qalan 1 il 3 ay 27 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilib. 

Onu da qeyd edək ki, Adil dostunun arvadına təcavüz edib. Həmin dövrdə ittihamda qeyd olunub ki, 2013-cü ilin sentyabrında Albalı qəsəbə sakini Sevdanın (ad şərti verilib) evinə iki kişi gəlib.

Həmin vaxt qadın iki azyaşlı övladı da evdə olub. Onlar yatıblarmış. Çağırılmamış qonaqlar Sevdanı zorlayıblar. Ertəsi gün Sabunçu rayon Polis İdarəsinin 14-cü bölməsinə gələn Sevda onu zorlayanları tanıdığını, həmin adamların həyat yoldaşının dostları olduqlarını deyib.

Həmin gecə şikayətçinin əri evdə olmayıb. O, işlədiyi kafedə qalıbmış. Polisin keçirdiyi əməliyyat nəticəsində zorlamada suçlu bilinən Adil Əsgərov və onunla birlikdə olan şəxs tutulublar. Hər iki şəxs məhkum olunub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top