Sumqayıtda 63 yaşlı kişi arvadını döydü — TƏFƏRRÜAT

KRİMİNAL 21 may 2024, 14:34
Sumqayıt şəhərində 1961-ci il təvəllüdlü Musa ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Gülarəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Musanın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Musa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Gülarə ilə 1984-cü ildə ailə həyatı qurublar, nikahdan iki uşaqları olub: “Bizim münasibətlərimiz əvvəllər yaxşı olub. Lakin son zamanlar münasibətlərimiz pisləşib. Bizimlə birlikdə oğlum, gəlinim və nəvələrim yaşayır. Mən günəmzud olaraq Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən məhəllədə saxlanılan avtomobillərə nəzarət edirəm”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, günorta saatlarında yaşadığım evə gəlib: “Bu zaman evdə heç kim olmayıb. Daha sonra qazın üstünə çay qoydum və sonra özümə yemək hazırlamağa başladım. Sonra çaydanın qaynamasını gözlədim. Yorğun olduğum üçün öz otağıma keçərək uzandım. Məni otaqda yuxu tutdu. Bir qədər sonra yuxudan qalxdım və mətbəxə keçdikdə burada çaydanın qaynadığını, evdə buxarın yarandığını gördüm. Bu zaman Gülarə evə gəldi. Çaydanın qaynaması nəticəsində buxar yarandığını gördü. Buna görə məni təhqir etdi. Bununla bağlı aramızda mübahisə yarandı. Əsəblərimi saxlaya bilmədiyim üçün Gülarənin çiyinlərindən tutaraq möhkəm silkələdim. Sonra onu stolun üstündə otuzdurdum və öz otağıma getdim. Bundan sonra Gülarə polisə məlumat verməyini öyrəndim”.

İş üzrə zərərçəkmiş Gülarənin sözlərinə görə, Musa mütəmadi olaraq spirtli içki qəbul etdiyi, tez-tez evdə mübahisələr yaratdığı üçün onların münasibətləri yaxşı olmayıb: “Bununla bağlı dəfələrlə polisə müraciət etmişəm. Musa günəmuzd olaraq dayanacaqda işləyir, əldə etdiyi pulu ancaq spirtli içkiyə verir. Mən 1-ci qrup əliləm, dializ xəstəsiyəm. Hadisə günü, səhər saatlarında dializ köçürülməsi üçün həkimə getdim. Ordan çıxaraq yaşadığım evə gəldim. Yaşadığım mənzilə daxil olan zaman Musanı mətbəxdə gördüm və sonra çaydanın qaynaması nəticəsində evdə buxar yarandığını gördüm. Musanın spirtli içkinin təsiri altında olduğunu hiss etdim və buxarın çıxması üçün pəncərinin açılmasını istədim. Bu zaman Musa qışqırmağa və mənimlə mübahisə etməyə başladı. Daha sonra məni təhqir edərək sinəmdən bir neçə yumruq zərbəsi endirdi. Sonra çiynimdən tutaraq bərk-bərk sıxmağa və silkələməyə başladı. Həmçinin məni itələyərək yerə yıxdı. Bu zaman çiynimdə ağrı hiss etdim. Özümə gəldikdən sonra mobil telefonum ilə polisə, sonra isə tibbi yardım almaq üçün xəstaxanaya müraciət etdim”. 

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Musanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top