COP29-a qədər Azərbaycanla Ermənistan sülhə imza ata bilərmi?

GÜNDƏM 17 may 2024, 20:44
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurası Nazirlər Komitəsinin 133-cü sessiyasında bildirib ki, ölkəsi Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasına sadiqdir. O qeyd edib ki, Ermənistan Cənubi Qafqazda ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sabit və dayanıqlı sülhün əldə edilməsinə sadiqliyini bir daha təsdiq edir. Nazir dövlət sərhədlərinin delimitasiyası, eləcə də regional kommunikasiyaların açılmasının vacib olduğunu vurğulayıb. 

Mirzoyanın fikirlərinə münasibət bildirən politoloq Tural İsmayılov Demokrat.az-a açıqlamasında deyib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması Ermənistanın bir dövlət olaraq düşdüyü vəziyyətdən xilasına zəmanət verir:

“Azərbaycan dəfələrlə vurğulayıb ki, Ermənistan ləyaqətli dövlət kimi dünyadakı proseslərdə iştirak etmək istəyirsə, eyni zamanda uzun illər davam edən işğal siyasəti nəticəsində düşdüyü dalandan qurtulmaq istəyirsə, sülhə imza atmalı,Türkiyə ilə münasibətləri yaxşılaşdırmalıdır.Biz ötən ilin sonu, bu ilin əvvəli Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi ilə bağlı addımların atılacağını gözləyirdik. Amma rəsmi İrəvanın arxasında dayanan üçüncü tərəflər prosesi pozmağa çalışır. Onlar hesab edir ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalasa, istədiyi vaxt Ermənistandan Azərbaycana və Türkiyəyə qarşı təsir vasitəsi kimi istifadə edə bilməyəcək. Bu qüvvələrin başında Fransa dayanır, ardıyca isə Qərbin müəyyən neoimperialist siyasi dairələri gəlir. Eyni zamanda regional kontekstdə də bəzi siyasi dairələrin sülhün əldə olunmasını istəmədiyi aydın görünür”. 

T.İsmayılov əlavə edib ki, bu məsələdə Ermənistanın üzərinə böyük məsuliyyət düşür:

“Çünki Azərbaycan gözəl bir presedent yaradaraq öz torpaqlarını öz gücünə işğaldan azad edən ölkə kimi hər zaman sülhü təşviq edib. Azərbaycan müharibəyə həmişə alternativ variant kimi yanaşıb. İşğal dövründə də bu, hər zaman belə olub. Hazırda sülh müqaviləsinin imzalanmasının gecikməsinin səbəbi Ermənistan və onun havadarlarıdır. Hesab edirəm ki, bütün provakasiyalara baxmayaraq COP29 öncəsi iki ölkə arasında sülh müqaviləsi imzalanacaq”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top