“Metroklub” gecə klubuna əylənməyə gələnlər arasında qanlı dava — TƏFƏRRÜAT

KRİMİNAL 17 may 2024, 17:11
Bakının Nəsimi rayonunda 1979-cu il təvəllüdlü Azər şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Allahquluya xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Azər 5 oktyabr 2022-ci ildə gecə saat 00:05-də tanışı Allahqulu ilə əvvəlcədən aralarında olan mübahisənin səbəbini aydınlaşdıran zaman sonuncu ona yumruq zərbəsi vurub. Bu səbəbdən baş vermiş dava-dalaş nəticəsində Azər Allahquluya bıçaqla bədən nahiyəsindən bir dəfə zərbə vuraraq, ona xəsarətlər yetirib. 

Hadisəni törədən Azərin barəsində Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq) maddələri ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Azər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Allahqulunu hadisədən iki ay əvvəl tanıyıb: “4 oktyabr 2022-ci ildə, saat təxminən 22 radələrində evdən çıxaraq istirahət etmək üçün Nəsimi rayonu, Bül-bül prospekti ilə Tolstoy küçələrinin kəsişməsində yerləşən “Metroklub” adlı gecə klubuna getdim. Masaların birində tək əyləşib spirtsiz enerji içkisi içdim. Bir müddət sonra əyləşdiyim masaya 20-25 yaşlarında bir nəfər şəxsin yaxınlaşaraq onunla birlikdə klubdan bayıra çıxmağımı xahiş etdi. Həmin şəxsi  bundan əvvəl Allahqulunun yanında görmüşdüm. Həmin adını bilmədiyim şəxslə klubdan bayıra çıxdım. Klubun qabağında həmin vaxtı tanımadığım adamlarda olub. Həmin adını bilmədiyim şəxsdən məni bayıra çıxartmağının səbəbini soruşdum. Həmin şəxs mənə Allahqulunun xalası oğlu olduğunu və onunla 2 gün bundan əvvəl mübahisə etməyimin səbəbini soruşdu. Həmin şəxslə oradan çıxaraq Tolstoy küçəsi istiqamətində getdik. Bu zaman orada Allahqulunun dayandığını gördüm. Bu vaxt Allahquludan nə məqsədlə bura gəlməyini və məni hansı səbəbdən klubdan çağırmağını soruşdum. Allahqulu isə cavab olaraq dalaşmaq istədiyini bildirdi. Allahqulu ilə birlikdə yanmızda olan tanımadığım şəxslərdən 15-20 metr uzaqlaşdıq. Bu zaman aramızda mübahisə başladı. Mübahisə vaxtı Allahqulu ilə əlbəyaxa olduq. Həmin vaxtı Allahqulunun əlində bıçaq olduğunu gördüm. Cəld hərəkət edərək bıçağı ondan alaraq onun ön sinə nahiyəsinə həmin bıçaqla bir dəfə zərbə endirdim. sonra isə bıçağı yerə tulladım. Bundan sonra yenidən “Metroklub”a daxil oldum. Bir qədər orada oturduqdan sonra polis əməkdaşları gəldi və məni 22-ci Polis Şöbəsinə dəvət etdilər. Mən hadisə zamanı içkili olmamışam”.

İş üzrə zərərçəkmiş Allahqulunun sözlərinə görə, anası, xalası oğlu Emil ilə birlikdə yaşayır: “Orta təhsili və subayam. Əvvəllər Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq törətmək) maddələri ilə məhkum olunmuşam. 2022-ci ilin fevralında cəzaçəkmə müəssəsindən azadlığa buraxılmışam. Azadlığa çıxdıqdan sonra Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsi yaxınlığında yerləşən “Local” gecə klubunda mühafizəçi işləyirdim. Nəsimi rayonu, Bül-bül prospekti ilə Tolstoy küçəsi ilə kəsişmədə yerləşən “Metroklub”da əvvəllər işlədiyimdən arabir həmin gecə klubuna gəlmişəm. Azəri də elə həmin gecə klubundan tanımışam. Azər “Metroklub” da mühafizəçi işləyib”. 

Zərərçəkmiş qeyd edib ki, 2022-ci ilin oktyabrın əvvəlində işlədiyi Qaradağ rayonu ərazisində yerləşən gecə klubundan çıxdıqdan sonra Nəsimi rayonu ərazisində yerləşən “Metroklub”a gəlib: “Orada Azərlə aramızda mübahisə baş verdi. Mübahisələrinə səbəb isə Azərin məndən, mənim də Azərdən xoşumun gəlməməsi ilə bağlı olub. Azərlə klubdan çıxıb dəqiq ünvanını xatırlamadığım yerdə dalaşdıq. Bundan sonra yaşadığım evə gəldim. Baş verən hadisəni xalam oğlu Eminə danışdım”.

Allahqulunun sözlərinə görə, baş verən hadisə günü Eminlə birlikdə yaşadığı evdən çıxaraq “Metroklub”a gəliblər: “Həmin vaxt bizimlə birlikdə Eminin dostu da var idi. Lakin o, məni tanımayıb. Həmin tanımadığım adam yolda bizdən ayrılaraq getdi. Klubun qabağına çatdıqda Emin içəri girdi. Mən isə klubun qabağında bir nəfər tanıdığım şəxslə dayanaraq söhbət etdim. Emin bir qədər sonra Azərlə birlikdə klubdan çıxdı. Azər məni gördü, onunla söhbət eləməyə gəldiyimi düşündü və mənimlə yenidən mübahisə etməyə başladı. Azərə mənimlə dalaşmaq istədiyini bildirdim. Azərlə əynimizdə olan köynəkləri çıxardıq, klubun arxa küçəsinə getdik. Bu zaman üzərimdə olan bıçağı belimdən çıxararaq yerə atdım. Gecə saatlarında işlədiyimdən özümü müdafiə etmək üçün çox vaxt üzərimdə bıçaq gəzdirmişəm. Bundan sonra Azərlə dalaşmağa başladıq. Dava zamanı bir-birimizə yumruq zərbələri endirmişik. Dalaşan zaman qarın nahiyəmdə istilik hiss etdiyimi anladım və ön hissəsinə baxdıqda qan gəldiyinin şahidi olmuşam. Bundan sonra yerə yıxıldım. Orada olan şəxslər və xalam oğlu Emin yanıma gəldilər. Azərin isə hara getdiyini bilmədim. Bir qədər sonra hadisə yerinə gələn polis əməkdaşlarının köməyi ilə məni Kliniki Tibbi Mərkəzə apardılar”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Azərə ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə bəraət verilib. O, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib və 4 il azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top