Gürcüstan nümunəsi və Azərbaycanın düşünülmüş siyasəti: Bakıda xaosun qarşısı necə alındı?

GÜNDƏM 17 may 2024, 10:47
Hazırda Gürcüstanda baş verənlər Qərbin “hibrid müharibəsi”nin elementlərini özündə ehtiva edir. Özlərinə bağlı şəbəkələri hərəkətə keçirərək, bir ölkəni daxildən qarışdırır, həmin ölkənin yerli hökumətlərinə təzyiq göstərirlər. “Hibrid müharibəsi”ndə adətən iki ssenari baş verir: ya təzyiq edilən hökumətlər geri çəkilməyə məcbur edilirlər, “boyun bükürlər”, ya da küçə iğtişaşları ilə hakimiyyət çevrilişi baş verir.

Gürcüstan hökuməti “xarici agentlər” haqqında qanunun qəbulunda Qərbin təzyiqi ilə üzləşib. Daha öncə bu qanun layihəsi gündəmə gələndə Qərb Gürcüstandakı şəbəkəsini küçələrə çıxararaq, hökumətə təzyiq etdi və gündəmdən çıxarılmasına nail oldu. İndi növbəti dəfə eyni hal yaşanır, lakin bu dəfə Gürcüstan hökuməti geri çəkilmək niyyətində deyil. Qanun layihəsi maliyyəsinin 20 faizi xarici mənbədən təmin edilən təşkilatların dövlət nzəarətinə götürülməsinə imkan verəcək. Əslində analoji qanun ABŞ-da 100 ilə yaxındır mövcuddur, lakin Vaşinqton Tbilisinin eyni addımı atmasını “demokratiyaya zidd” hesab edir. Absurd mənzərədir. Bu, həm də Qərbin demokratiyanı, insan haqlarını başqa ölkələrin daxili işlərinə müdaxilə üçün alətə çevirdiyini təsdiq edən amildir. Proseslər göstərir ki, rəsmi Tbilisi geri çəkilməsə, Qərb Gürcüstanda hakimiyyət dəyişikliyi ssenarini işə salacaq.

Faktiki olaraq, bir ölkənin milli təhlükəsizliyi təhdid altındadır. Söhbət Qərbdən maliyyələşən 25 minə yaxın QHT-dən gedir və bu təşkilatlar bir göstərişlə küçələrə çıxaraq, hökumətə qarşı etiraza başlayır, küçələri xaosa çevirir. Hər şey qonşu ölkədə, gözlərimizin önündə baş verir.

Bütün bunlar Azərbaycanın nə qədər düzgün, doğru siyasət yürütdüyünü təsdiq edir. 2014-c ilə qədər Azərbaycanda da eyni vəziyyət hökm sürürdü. Qərb ölkəmizdə özünə bağlı şəbəkə qurur, bu şəbəkəni qrant layihələri ilə bəsləyir və milli siyasətə qarşı istifadə edirdi. Hətta bir çox hallarda Qərbdəki erməni lobbisi bu təşkilatlar üzərindən Ermənistanın maraqlarını da təmin etməyə çalışırdı. Misal üçün, rəsmi Bakının Qarabağın işğalına qarşı barışmaz siyasətini daxildən baltalamaq cəhdləri edilirdi. Azərbaycan dövləti 2014-cü ildə qrantla bağlı qanuna dəyişiklik etdi və xaricdən maliyyələşməni nəzarətə götürdü. Həmin dövrdə aparılan araşdırmalardan məlum oldu ki, təkcə Qərb qüvvələri yox, oradakı erməni lobbisi daxildəki şəbəkədən istifadə edirmiş. Leyla və Arif Yunuslar məsələsi bunun əyani nümunəsidir.

Qanun dəyişikliyi ilə Azərbaycan dövləti milli maraqlara zidd olan bu prosesi tam nəzarətə götürdü. Bundan sonra təhlükəsizliyimizə qarşı təhdidlər böyük ölçüdə azaldıldı, lakin tam başa çatmadı. Qərb öz şəbəkəsini maliyyələşdirmək üçün müxtəlif qanunsuz yollardan istifadə etməyə başladı. Bu günlərdə “Abzas media”, “Toplum Tv”, Anar Məmmədli və digərlərinin “qrant qaçaqmalçılığı” ilə bağlı ortaya çıxan faktlar bunu təsdiq edir.

“Qrant qaçaqmalçıları” Qərbdə donor təşkilatlarından aldıqları pulları Azərbaycana qaçaq yollarla daxil ediblər. Bu məqsədlə bir neçə metod istifadə edilib.

Birincisi, Gürcüstan banklarında açılan hesablara köçürülən pullar nağdlaşdırılaraq, hissə-hissə Azərbaycana daxil edilib.

İkincisi, İŞİD kimi terror təşkilatlarınının istifadə etdiyi qeyri-bank əməliyyat sistemi olan “Hawala sistem”indən istifadə olunub. Bu sistemdə pul axınını izləmək mümkün deyil və birbaşa təmas olmur.

Qərbin Azərbaycandakı şəbəkəsi bu metodlardan istifadə etməklə, 2014-cü ildən etibarən Azərbaycana milyonlarla avro-dollar məbləğindəki vəsaiti qanunsuz şəkildə daxil edib. Bütün pullar anti-milli planlara sərf olunub. Misal üçün, “Toplum Tv” üzərindən yarım milyon manatdan çox vəsait Azərbaycana gətirilib. Anar Məmmədli təkcə son üç ildə 1,5 milyon manata qədər vəsaiti qaçaq yolla ölkəyə gətirib. Onun maliyyə mənbələri və kimdən nə qədər aldığı detallarına qədər məlumdur.

- Gürcüstanın “Human Rights House Tbilisi” təşkilatından 2.265 avro.
- Fransanın “Equal Rights İndependent Media” təşkilatından 4 570 avro.
- İsveçin “Swedish International Liberal Centre”(SILC) təşkilatından 12.625 ABŞ dolları.
- Norveçin “Norwegian Human Rights House Foundation” təşkilatından 24 850 avro.
- İsveçrədə yerləşən “Human Rights House Foundation” təşkilatından 27 020 avro.
- Belçikanın “İnternational Partnership for Human Rights” (IPHR) təşkilatından 43 290 avro.
- ABŞ-ın “The National Endowment for Democracy (NED) təşkilatından 53 770 avro və 75 010 dollar.
- Çexiyanın “Prague Civil Society Centre” təşkilatından 59 850 avro;
- ABŞ-ın “German Marshall Fund” təşkilatından 74 411 dollar və 27 215 avro.

Anar Məmmədlinin “qrant qaçaqmalçılığına” cəlb etdiyi “məclis.info” layihəsinin rəhbəri İmran Əliyev isə son 5 ildə - 2019-2024-cü illərdə 833 min manat vəsait əldə edib.

Bu vəsaitlər vergidən yayındırılıb və Qərb şəbəkəsi arasında bölüşdürülüb. Bu pulların qarşılığında Azərbaycanda ictimai-siyasi prosesləri pozmaq istiqamətində fəaliyyət göstəriblər. Hətta erməni maraqlarının müdafiə olunduğu da məlumdur. Misal üçün, Laçın-Xankəndi yolunda ekofəalların aksiyası, eləcə də Laçın sərhəd-keçid məntəqəsinin qurulmasına qarşı “Qarabağ blokadadır” təbliğatına açıq şəkildə dəstək veriblər. Qərb şəbəkəsinin həmişə anti-milli fəaliyyətlə məşğul olduğu sirr olmayıb, Qarabağda suverenliyimizin bərpası ilə nəticələnən proseslər zamanı bu, daha açıq şəkildə ortaya çıxdı. 

Azərbaycan haqlı olaraq bu anti-milli şəbəkənin ifşa edilməsi, onların qanunsuz əməllərinin qarşısının alınması istiqamətində lazımi addımlar atır. Gürcüstanda baş verənlər də bu siyasətin nə qədər doğru olduğunu göstərir. Əks təqdirdə, bu gün Tbilisi küçələrində baş verən xaos Bakı küçələrində də ola bilərdi. Buna bir neçə dəfə cəhd ediblər də. 2012-ci ildə “facebook inqilabı” cəhdində bunu gördük, lakin dövlət milli təhükəsizliyə qarşı bu cəhdlərin qarşısını aldı. Eyni addımlar davam etdirilməlidir, əks təqdirqdə, dövlət və milli maraqlarımız daim təhlükə altında ola bilər.


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top