Sumqayıt şəhərində 1994-cü il təvəllüdlü Pərviz ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı Zəminəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Pərvizin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pərviz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2019-cu ildə Zəminə ilə ailə həyatı qurub, həmin nikahdan 2020-ci il təvəllüdlü Aydın adında bir övladları var: “Evləndiyimiz gündən Sumqayıt şəhəri, Ceyranbatan bağlar massivi ərazisində yerləşən evdə yaşamışıq. Lakin hazırda Binəqədi rayonunda yaşayırıq. Həyat yoldaşım ilə bəzən münaqişələrimiz olub. Xırdalan şəhərində kolbasa sexində işləyirəm. Hadisədən 2-3 gün öncə Zəminə Binəqədi rayonu ərazisində yaşayan anasıgilə getdi. Bir gün sonra öz yaşadığımız evə qayıtdı. Həmin gün saat 14.00-da evə gəldim. Anasıgildə qaldığına görə Zəminə ilə mübahisə etməyə başladım. Mübahisə zamanı şillə ilə Zəminənin gözünə vurdum. Sonra Zəminə hamam otağına gedib üzünün və burnunun qanını yuyaraq təmizlədi. Ertəsi gün işdə olduğum vaxt Zəminə əmisinin həyat yoldaşı ilə Binəqədidə yaşayan anasıgilə getdi və sonra bu barədə polisə şikayət verdi”.
Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Pərvizin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


