"Müsavat başqanlığına namizədliyimi geri götürmək niyyətim yoxdur" — Yadigar Sadıqlı


GÜNDƏM 21 sen 2019, 13:22

“Gələn həftənin bazar ertəsi Müsavat Partiyası başqanılığına namizədliyimi rəsmən irəli sürəcəm, bununla bağlı Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinə müvafiq ərizə təqdim edəcəyəm”.


Demokrat.az xəbər verir ki, bunu Reyting.az-a açıqlamasında Müsavat Partiyası başqanlığına namizədliyini irəli sürəcəyini elan edən Yadigar Sadıqlı deyib.


Müsavatın Divan üzvü qeyd edib ki, onun namizədliyinin qeydə alınmaması ehtimalı yoxdur: 


“Belə bir ehtimalın olması mümkün deyil. Sabah rəsmən başqanlığa namizəd olacağam”.


Yadigar Sadıqlı bildirib ki, başqanlığa rəsmi namizəd olduqdan sonra müvafiq təklif və proqramını təbliğat kampaniyası dövründə açıqlayacaq.


Başqanlığa iddialı namizədlərin çoxluğunun indiki partiya rəhbərliyinə qarşı olan səslərin parçalanmasına səbəb ola biləcəyini vurğulayan Y. Sadıqlı əlavə edib ki, bu, faktiki olaraq başqan seçkilərində ikinci tur ehtimalını gücləndirir.


Müsavat Partiyasının hazırkı başqanı Arif Hacılı istisna olmaqla digər namizədlərin bir-birini dəstəkləmə ehtimalı haqqında suala cavabında Y. Sadıqlı deyib ki, şəxsən özünün namizədliyini geri götürmək niyyəti yoxdur.


Xatırladaq ki, oktyabrın 12-də Müsavat Partiyasının IX qurultayının keçirilməsi nəzərdə tutulur. Qurltayda başqanlıq uğrunda 4 namizədin mübarizə aparacağı gözlənilir. Bunlar hələlik indiki başqan Arif Hacılı, partiyanın Divan üzvü Y. Sadıqlı, Müsavat funksioneri Tofiq Yaqublu və Divan üzvü Başxanım Abbaslıdır.



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top