“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovun AZƏRTAC-a müsahibəsi
Orta Dəhlizin vacib seqmenti hesab olunan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Gürcüstan hissəsində aparılan təmir-genişləndirmə işləri artıq yekunlaşıb. 2023-cü ildən aktiv şəkildə həyata keçirilən layihənin tamamlanması ölkəmizi Şərq-Qərb marşrutu üzərində mühüm nəqliyyat qovşağına çevirəcək.
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov BTQ dəmir yolu xəttində aparılan modernləşdirmə işləri və yolun genişləndirilməsinin ölkəmizin tranzit potensialının artırılması və bütövlükdə Orta Dəhlizin rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində gətirəcəyi faydalarla bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.
- Hörmətli Rövşən müəllim, bildiyimiz qədərilə BTQ-nin Gürcüstandan keçən hissəsinin genişləndirilməsi tamamlanıb. Bu o deməkdir ki, Şərq-Qərb nəqliyyat bağlantısı üçün yeni imkanlar açılıb. Yenilənmiş BTQ dəmir yolu xətti nələr vəd edir?
- Bəli, BTQ dəmir yolu xəttinin Gürcüstandan keçən 184 kilometrlik hissəsində aparılan təmir-bərpa, rekonstruksiya və genişləndirmə işləri artıq yekunlaşıb. Mayın 20-sindən etibarən BTQ dəmir yolu xətti üzrə yükdaşımalara start veriləcək. Bu dəmir yolu xəttinin modernləşdirilməsinin əsas məqsədi Orta Dəhlizin rəqabət qabiliyyətini artırmaq və BTQ-ni dəhlizin əsas yükdaşıma arteriyalarından birinə çevirməkdir.
Çin və Mərkəzi Asiya ölkələrindən quru yolla daşınan yüklərin Azərbaycan ərazisindən Avropaya daha sürətli çatdırılmasında BTQ dəmir yolu xəttinin əhəmiyyəti olduqca böyükdür. Genişləndirmədən sonra BTQ-nin illik yükaşırma gücü 1 milyon tondan 5 milyon tona çatıb. Yükaşırma həcminin 5 milyon tona çatdırılması hədəfi Prezident İlham Əliyevin tapşırığı əsasında müəyyən edilmişdi və ötən ildən etibarən məhz bu istiqamətdə aktiv şəkildə genişləndirmə işlərində başlanmışdı.
Qeyd etdiyim kimi, işlər artıq tamamlanıb. İndi ADY modernləşdirilmiş BTQ dəmir yolu xətti ilə Mərkəzi Asiyadan, bütövlükdə isə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə göndərilən yüklərin böyük hissəsini daşımağa, yükdaşımalar üzrə beynəlxalq səviyyədə rəqabətə hazırdır.
- Layihənin həyata keçirilməsi, görülən işlər barədə danışmağınızı istərdik. İki qitənin nəqliyyat bağlantısına yeni nəfəs gətirəcək BTQ dəmir yolu xətti necə modernləşdirildi?
- 2017-ci ildə istismara verilən BTQ dəmir yolunun genişləndirilməsi və layihə üzrə işlərin tamamlanması məqsədilə 2022-ci ilin sonunda layihə yenidən qiymətləndirildi və yeni layihə planı hazırlandı. Beynəlxalq standartlara əsasən layihələrin idarə edilməsi sistemi tətbiq edildi, BTQ-nin Gürcüstandan keçən hissəsində müşahidə olunan sərt iqlim və bəzi yerlərdə dəniz səviyyəsindən 2400 metr hündürlükdə yerləşən əlverişsiz relyefə baxmayaraq, intensiv iş rejimi quruldu. Sərt iqlim dedikdə hətta Sibirlə müqayisə oluna biləcək hava şəraitini - bəzən 30 dərəcəyədək soyuyan şaxtalı havanı nəzərdə tuturam. Böyük iş həcmi fonunda yükdaşımaların da paralel həyata keçirilməsi layihənin tamamlanmasına maneə törətdiyi üçün ötən ilin may ayında BTQ ilə yükdaşıma dayandırılmışdı. Bütün bunlara baxmayaraq layihənin sürətli icrası davam etdirildi, nəzərdə tutulan işlərin sona çatdırılması mümkün oldu.
Görülən işlər çərçivəsində 61 kilometr uzunluğunda dəmir yolu xətti, 98 kilometrlik kontakt şəbəkə xətti, 172 kilometrlik 10 kV-luq məftil, 338 kilometrlik fiber-optik kabel çəkildi, eyni zamanda, 160 min kubmetr şeben verilərək xüsusi texnika vasitəsilə yollar yenidən işləndi, 120 kilometrlik hissədə bordür daşları qoyuldu və 41 kilometr piyada və avtomobil yolları asfaltlandı.
- Ölkəmizdə dəmir yolları da daxil olmaqla nəqliyyat infrastrukturu yenilənir, qlobal dəhlizlərə inteqrasiya sürətlənir. Prezident İlham Əliyev bu yaxınlarda qeyd etdi ki, Azərbaycan dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edilir. Dəmir yolu ilə tranzit yükdaşımalarda vəziyyət necədir?
- Son iyirimi ildə dəmir yolu ilə tranzit yükdaşımalarda əhəmiyyətli artım qeydə alınıb. Misal üçün qeyd edim ki, 2019-cu ildə 3,8 milyon ton tranzit yükü daşınmışdısa, 2023-cü ildə bu rəqəm 6,8 milyon tona çatıb. Ötən ilin ilk dörd ayı ilə müqayisədə bu ilin yanvar-aprel aylarında daşınan tranzit yüklərin həcmi 14 faiz artıb. Azot gübrələri, buğda unu və qara metal borular kimi yüklərin həcmində 120-200 faiz artım var. BTQ-nin də tərkib hissəsi olduğu Şərq-Qərb dəhlizi üzrə bu ilin birinci rübündə 10 faiz daha çox tranzit yükü daşımışıq.
Yenilənmiş BTQ xətti qardaş ölkə olan Türkiyə ilə quruda birbaşa dəmir yolu əlaqəmizi təmin edəcək, ölkələrimiz arasında daha çox yüklərin daşınmasına töhfə verəcək.
Modernləşdirilmiş edilmiş BTQ dəmir yolu ilə indi daha çox yükü daha tez daşıya biləcəyik. Yəni 1 milyon ton illik yükaşırma həcminin 5 milyon tona çatması ilə BTQ Şərqdən Qərbə və əks istiqamətə ölkəmiz üzərindən yükdaşımaların həcm və sürətinə töhfə verəcək.
- İndi BTQ, qeyd etdiyiniz kimi, daha çox yük daşımaq gücündədir. Regionumuzda isə yükdaşımaların həcmi sürətlə artır. BTQ-nin Şərq-Qərb bağlantısında səmərəli fəaliyyətini təmin etmək üçün planlar nədən ibarətdir?
- BTQ dəmir yolunun Gürcüstan hissəsinin genişləndirilməsindən sonrakı mərhələdə əsas fəaliyyət istiqamətlərimizdən biri Azərbaycan və Gürcüstan arasında birgə müəssisənin yaradılmasıdır. Bu müəssisə BTQ üzrə əməliyyatların səmərəli idarə olunması və yeni yüklərin cəlbi istiqamətində fəaliyyət göstərəcək. Hələ modernləşdirmə işləri həyata keçirilən dövrdə birgə müəssisənin yaradılması üçün gürcüstanlı həmkarlarımızla müvafiq işlərə başlamışdıq. İşlər davam edir, bu ay bütün prosedurları tamamlayıb müəssisənin yaradılması planlaşdırılır.
- Bu ilin yanvar ayında Çindən konteyner blok qatarlarla yükdaşımanın bərpası baş tutdu, ilk qatar qəbul edildi. Bu istiqamətdə hansı irəliləyişlər var? Bildiyimiz qədərilə 2024-cü il ərzində daha çox blok qatarın Azərbaycana göndərilməsi nəzərdə tutulur.
- Bəli, yanvar ayında Orta Dəhlizlə Çindən 7-si idxal, 3-ü tranzit olmaqla ilk qatarlar qəbul edildi. Tranzit yüklər Çin-Qazaxıstan sərhədindən Azərbaycandan keçməklə Gürcüstan limanlarına ortalama 10 günə çatıb. İdxal yüklər üçün bu müddət 8 gün olub. ADY olaraq yükləri Bakı Dəniz Ticarət Limanından birbaşa qatarlara yükləyərək aidiyyəti üzrə çatdırmışıq.
Bu ilin ilk dörd ayında Şərq-Qərb dəhlizi üzrə ümumilikdə 34 blok qatar olmaqla 6319 TEU konteyner yük daşınıb. Onlardan 10 blok qatar (4020 TEU konteyner) tranzit yükü, 24 blok qatar və (2299 TEU konteyner) idxal yükü olub. 2023-cü ildə ADY tərəfindən ümumilikdə 105 265 TEU konteyner daşınıb ki, bu da 2022-ci illə müqayisədə 30 faiz çoxdur.