Turistlər niyə bölgələrdən uzaq qaçır? — SƏBƏBLƏR

GÜNDƏM 03 may 2024, 12:28
Azərbaycana gələn turistlərin 80 faizi Bakı şəhərinə üstünlük verir. Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, ölkəyə gələn hər 10 turistdən cəmi 2-si Bakıdan kənara – rayonlara gedirlər. Millət vəkili qeyd edib ki, turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qusardır: “Bölgələrimiz xarici turist cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzur. Paytaxtın infrastrukturunu nəzərə aldıqda bu normal qarşılana bilər, lakin regional gecələmə sayında fərqin böyük olması diqqəti çəkir. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmir, bu da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır". 

Məsələyə münasibət bildirən turizm eksperti Ceyhun Aşurov Demokrat.az-a açıqlamasında deyib ki, turistlərin daha çox Bakını seçməsinin bir sıra səbəbləri var:


“Səbəblərdən biri Bakıda daha çox hotellərin, qalmaq üçün yerlərin olmasıdır. Digər tərəfdənsə ölkəyə giriş-çıxış yalnız Bakıdan yəni, Heydər Əliyev Beynəlxalq Aeroportundan həyata keçirilir. Statistikaya görə uçuşların 90%-dən çoxu yalnız bu hava limanından baş tutur. Bu həm də o deməkdir ki, ölkəyə gələn əcnəbilər Bakıya gəlməklə bir neçə gününü burada keçirirlər. Rayona gedənlərlə yanaşı, getməyənlər də olur. Rayona gedənlər də orada uzunmüddətli qalmırlar. Çünki qayıdanda yenə Heydər Əliyev Beynəlxalq Aeroportundan qayıdacaqlar. Bütün bunlar əlavə xərc və enerji itkisidir”. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top