Qarabağ atları Britaniyada beynəlxalq yarışa qatılıblar

SOSİAL 01 may 2024, 18:14
May ayının 1-də ənənəvi olaraq hər il Böyük Britaniyada təşkil edilən “Vindzor Kral Atçılıq Şousu” start götürüb.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından Demokrat.az-a verilən xəbərə görə, əzəmətli Vindzor qəsrinin ərazisində keçirilən tədbirdə “Heydər Əliyev fondu”nun dəstəyi, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Azərbaycandan Böyük Britaniyaya böyük yol qət etmiş 100 nəfərdən çox nümayəndə heyətimiz iştirak edir.

Nümayəndə heyətimizin tərkibinə Dövlət Sərhəd Xidmətinin rəqs ansamblı, sü­va­rilər dəstəsi, “Land of Fire” polo komandası daxildir.

Təmsilçilərimizin təqdim edəcəyi “Koroğlu” adlı şou-kompozi­siyanın əsasını ta­ma­şaçılara yaxşı tanış olan, burada özünə heyranlar ordusu toplamış, çılğınlığı və gö­zəl­liyi ilə xüsusi seçilən Qarabağ atları, eləcə də ecazkar milli musiqimiz və zərif Azərbaycan rəqsləri təşkil edir.

Şou-kompozisiyada Koroğlu rolunda Azərbaycan Respublikasının xalq artisti, dünya şöhrətli tenor Yusif Eyvazov və Azərbaycan Respublikasının əməkdar artisti Tural Ağasiyev, Nigar rolunda Azərbaycan Respublikasının əməkdar artisti Afaq Abba­sova və Dövlət Sərhəd Xidmətinin hərbi orkestrinin solisti Fatimə Cəfərzadə çıxış edəcəklər.

Milli musiqimizin sədaları altında “Sərhədçi” rəqs ansamblının hərarətli rəqs­lərindən, Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində igidlik və hünər nümunələrindən, qeyri-adi perfomanslarından ibarət şou-kompozisiyanın kul­minasiya nöqtəsini süvarilərimizin Azərbaycan Respublikasının və Böyük Britaniyanın dövlət bayraqlarını dalğalandırması təşkil edir.

Tədbir çərçivəsində təşkil ediləcək Azərbaycan günündə “Heydər Əliyev fon­du”nun dəstəyi ilə tariximiz, mədəniyyətimiz və xalçaçılıq sənətini özündə tərənnüm edən “Azerbaijan Cultural” tenti qurularaq, Azərbaycan naharı təşkil ediləcək və 100-dən çox qonağa milli mətbəximizin nümunələri sərgilənərək, ləziz təamlarımız təqdim olunacaqdır.

Hər gün Kral ailə üzvləri tərəfindən izləniləcək “Vindzor Kral Atçılıq Şousu”nda, nümayəndə heyətimizin çıxışları may ayının 5-dək davam edəcək və arenada tədbiri ümumilikdə 30.000-dən çox tamaşaçının qatılacağı gözlənilir.

“Vindzor Kral Atçılıq Şousu” çərçivəsində Azərbaycan heyətinin kral ailəsinin üzvləri ilə görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, may ayının 4-də saat 19:15-də Azərbaycanın “Land of Fire” komandası ilə Böyük Britanyanın “Guards Polo Club” komandası arasında yoldaşlıq görüşü keçiriləcəkdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyl 2024, 21:15
12 iyl 2024, 20:17
Top