Sülhməramlılar Qarabağdan getdi: Bundan sonra nə olacaq?

GÜNDƏM 19 apr 2024, 15:17
Deputat Ceyhun Məmmədov Milli Məclisdəki çıxışında bildirib ki, artıq Rusiya sülhməramlılarının ölkəmizdən çıxması prosesinə başlanılıb. 

Demokrat.az Musavat.com-a istinadən xəbər verir ki, onun sözlərinə görə, üçtərəfli sənəddə “müvəqqəti” şərtinin qoyulması və prosesin məntiqi sonluğa çatdırılması Prezident İlham Əliyevin qətiyyətli və prinsipial siyasətinin nəticəsidir: 

“10 noyabr sazişində sülhməramlıların 2025-ci ilə qədər müvəqqəti yerləşdirilməsi maddəsinin sənəddə əksini tapmasını məhz Prezident İlham Əliyev israr etmişdi. Məhz Prezidentin Qarabağla bağlı apardığı uğurlu siyasət nəticəsində Rusiya tərəfi sülhməramlıların Qarabağdan çıxarılması barədə qərar qəbul etdi. Heç şübhəsiz ki, Rusiya sülhməramlılarının Qarabağdan çıxması həm də Azərbaycan-Rusiya münasibətlərinin və iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir”. 

Ceyhun Məmmədov bildirib ki, ölkələrimiz arasında əlaqələr yüksək idi, sülhməramlıların çıxmasından sonra ikitərəfli dostluq münasibətləri daha da güclənəcək: 

“Eyni zamanda, Rusiya sülhməramlılarının Qarabağdan çıxmasına Amerikanın reaksiyası ciddi təəssüf doğurur. Dövlət Departamentinin nümayəndəsinin bu məsələni şərh edərkən Rusiyanın “etibarsız müttəfiq olduğunu” bildirməsi, sülhməramlıların Qarabağdan çıxmasını alqışlamaması, əksinə, mənfi tərzdə şərh etməsi Amerikanın riyakarlığının göstəricisidir”. 

Deputatın sözlərinə görə, bu, bir daha onu göstərir ki, Amerika və Fransa münaqişənin həllinin ən böyük əleyhdarlarıdır, onlar münaqişənin bitməsini istəmirlər: 

“İndiyədək dünyanın bütün bölgələrindən Rusiyanı sıxışdırmağa çalışan ABŞ Qarabağdakı sülhməramlılara yanaşmada fərqli mövqe ortaya qoydu. Dəfələrlə Rusiyanı Dnestryanı, Abxaziya, Cənubi Osetiyadan sülhməramlı kontingentini çıxarmağa çağıran, 2022-ci ilin yanvarında KTMT qüvvələrinin Qazaxıstandan çıxarılmasını alqışlayan ABŞ bu dəfə məyusluğunu nümayiş etdirdi. Əslində, Amerika münaqişənin başa çatması, sülhün bərqərar olması və sülhməramlı missiyanın çıxmasını alqışlayaraq Azərbaycanı təbrik etməli idi. Əks mövqe ortaya qoyması bir daha göstərir ki, Amerika regionda davamlı sülhün təmin olunmasında maraqlı deyil və öz geosiyasi məqsədlərini güdür. Biz 2023-cü ilin antiterror tədbirlərindən bir neçə gün əvvəl - sentyabrın 17-də İstanbulda Qarabağla bağlı gizli ABŞ-Rusiya-Aİ görüşünü də yaxşı xatırlayırıq. Bu görüş Amerika və Qərbin Azərbaycanın öz suverenliyini tam bərpasına imkan verməmək üçün hətta özünün əsas rəqibi olan Rusiya ilə belə sövdələşməyə hazır olduğunu göstərdi. Heç şübhəsiz ki, bütün bunlara rəğmən, Azərbaycan qarşısına qoyduğu bütün hədəf və məqsədlərə nail olacaq”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top