Rayonda rüsvayçılıq: Ər arvadını başqa kişilərlə gəzməkdə ittiham etdi — TƏFƏRRÜAT

KRİMİNAL 12 apr 2024, 11:35
Göygöl rayonunda 1984-cü il təvəllüdlü Elvin qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Marala (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 29 iyul 2023-cü ildə, gecə saat 1 radələrində Göygöl şəhəri Azay Kazımov küçəsində yerləşən Göygöl şəhər avtovağzalında baş verib. 

Elvin şəxsi münasibətlər zəminində arvadı Maralla qısqanclıq niyyəti ilə mübahisə edib, Gəncə şəhərində başqa kişi ilə yaşadığını deyərək onun azyaşlı övladlarının gözləri qarşısında müstəsna dərəcədə qəddarlıq nümayiş etdirib. 

O, arvadını yerə yıxaraq, ona xəsarətlər yetirib. 

Hadisəni törədən Elvinin barəsində Cinayət Məcəlləsinin  127.2.2-ci (qəsdən sağlamlığa ağır zərər vurma - zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elvin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, 2004-cü ilin dekabr ayında Maralla ailə həyatı qurub, birgə nigahdan dörd övladları var: 

“2022-ci ilin təxminən sentyabr ayında arvadım Maralın gizlin şəkildə mobil telefon işlətdiyini bildiyimdən aramızda sözlə mübahisələrimiz oldu. Bundan sonra işdən qayıdanda Maralın evdə olmadığını gördüm. Daha sonra arvadım Gəncə şəhərində uşaqlarımla birlikdə yaşamağa başladılar. Lakin rəsmi qaydada boşanmadıq. Hətta Maralın kirayə qaldığı evin pulundan hər ay 100 manat ödəmişəm”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən əvvəlki günü, təxminən saat 17 radələrində yaşadığı Göygöl rayonunun kəndində olan zaman Maral üç uşağı ilə birlikdə onun yanına gəlib, həmin gün yaşadığı evdə yeyib-içiblər: 

“Təxminən saat 00.30-da Maral Gəncə şəhərinə geri qayıdacağını bildirdi. Mən gec olduğunu, sabah tezdən getməsini dedim. Maral isə səhər tezdən işə gedəcəyini, ona görə də indi getməli olduğunu bildirdi. Yenə ona qalmasını israr etsəm də, Maral gedəcəyini dedi. Mən yaşadığım kəndə taksi çağırdım. Marala dedim ki, aparıb onları evə düşürüb qayıdacam. Maral isə mənimlə getməyəcəklərini, özü uşaqlarla birlikdə gedəcəyini dedi. Bu səbəbdən aramızda sözlə mübahisə yarandı. 

Mən çağırdığım taksi ilə Maralı və uşaqlarını Göygöl rayon avtovağzalın qarşısına apararaq düşürdüm. Taksi sürücüsü isə getdi. Həmin vaxt Maral mənimlə eyni evdə qalmamasına görə aramızda sözlə mübahisə yarandı. Mən mobil telefonda nəsə olduğundan şübhələndiyimdən və qızımın Daxili İşlər Nazirliyinin 102 zəng xidməti mərkəzinə müraciət etmək istədiyini gördüm. Telefonu ondan almağa çalışdım. Bu zaman aramızda mübahisə başladı. Mübahisə zamanı arvadımın mənə xəyanət etməsindən şübhələndim. Həmin mobil telefonu zorla qızım Səidənin əlindən almaq istədim. Həmin vaxt mənə mane olmaq istəyən arvadım Maralı var gücüm ilə vurdum, sonra isə itələdim. Arvadım həmin vaxt yerə yıxıldı, xəsarət aldı”.

İş üzrə zərərçəkmiş Maralın sözlərinə görə, 2004-cü ilin dekabr ayında Elvinlə rəsmi qaydada evləniblər: 

“2013-cü ildən ailədaxili münasibətlərimiz pisləşdi. Elvin heç bir səbəb olmadığı halda xəyanət etməyimi iddia edərək mübahisələr yaratdı. Elvin ilə münasibətlərimiz kəskin şəkildə pisləşdiyi üçün 2022-ci ilin iyulun 10-dan Elvin ilə rəsmi qaydada boşanmasaq da, qızlarım Səidə, Səma və oğlum Eldar ilə birlikdə Gəncə şəhərində kirayədə yaşadıq. Digər oğlum Vüsal isə Göygöl rayonunun kəndində atası Elvin ilə birlikdə yaşayır. Elvindən ayrı yaşamağıma baxmayaraq, işlədiyim və yaşadığım yerə gələrək məni narahat edib, barəmdə həqiqətə uyğun olmayan ifadələr işlədib, başqa kişi ilə yaşadığımı deyib”.

Zərərçəkmiş qeyd edib ki, sonuncu dəfə övladları ilə birlikdə əri Elvinin yaşadığı Göygöl rayonunun kəndinə yerləşən evə gəliblər: 

“Təxminən saat 00.30 radələrində Gəncə şəhərinə geri qayıtmaq istəyəndə Elvin gec olduğunu, səhər tezdən getməyi dedi. Mən isə işə gedəcəyimi, bu səbəbdən indi gedəcəyimi bildirdim. Elvin məni Göygöl rayon avtovağzalından yola salacağını dedi. Bizi Göygöl rayon avtovağzalının yanına gətirdi. Biz taksidən düşdükdən sonra Elvin Gəncə şəhərində kirayə yaşadığımız evə gedəcəyini dedi. Bu səbəbdən aramızda mübahisə yarandı. Biz Göygöl şəhəri A.Kazımov küçəsində yerləşən “Əminə” marketin yan tərəfinə keçdik. Elvin mənim evdə başqa kişi ilə yaşadığımı bildirdi. Orada təxminən 15-20 dəqiqə mübahisə etdikdən sonra Gəncə şəhərinə getmək üçün avtovağzalın qarşısına doğru gəldik”. 

Zərərçəkmiş şəxsin ifadəsinə görə, həmin vaxt əsəbiləşib, və polisə müraciət edəcəyini deyib: 

“Bu zaman uşaqlarımız da yanımızda olublar. Qızım Səidə Elvinin məndən əl çəkmədiyini gördü və Daxili İşlər Nazirliyinin 102 zəng xidməti mərkəzinə müraciət etmək istədi. Elvin mobil telefonu çəkib almaq istəyən zaman onun üzərinə doğru getdim. Elvin çiynimdən tutaraq geriyə doğru itələdi, məni yerə yıxdı. Mən də pilləkənin üzərindən yerə yıxılaraq xəsarət aldım. Xəsarət alan zaman bərk ağrı hiss etdim. Elvin məni yerə yıxıb, xəsarət yetirməsinə baxmayaraq, hər hansı bir köməklik göstərməyək oradan uzaqlaşdı”. 

Bu cinayət işinə Göygöl Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Elvin 1 il 7 ay 2  gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxsə Göygöl rayonunun yaşadığı kəndində yerləşən yaşayış yerini saat 23.00-dan saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Göygöl rayonu və Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulub.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top