Ofisiant iş yoldaşına xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 29 apr 2024, 15:11
Bakının Nərimanov rayonunda 2001-ci il təvəllüdlü Tərlan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Orxana xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 29-da "Bazar” restoranında baş verib. Tərlan şəxsi münasibətlərin gərginləşməsi nəticəsində aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə iş yoldaşı Orxana bir neçə dəfə vuraraq, ona xəsarətlər yetirib. 

Hadisəni törədən Tərlanın barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tərlan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, təxminən bir-iki ay müddətinə “Bazar” adlı restoranda ofisiant köməkçisi işləyib: “Orxan da həmin restoronda ofisiant işləyirdi. Özüm isə Orxanın köməkçisi idim. Mayın 29-da dərslərimin olması səbəbindən işə gecikdim. Bu görə də işə gəldikdə Orxanın əsəbi olduğunu hiss etdim. Mənimlə əsəbi şəkildə danışmağa başladı. Həmin gün təxminən saat 11-12 radələrindəı fırının qarşısında olarkən Orxan əsəbi halda fırından çörəyi gətirməyimi istədi. Mən də etiraz etmədim. Çörəyin çıxmasını gözləyərkən təxminən 5 dəqiqə sonra Orxan fırına əsəbi gələrək heç bir səbəb olmadan ünvanıma təhqiredici sözlər dedi. Mən öz növbəmdə hansı səbəblə belə danışdığını soruşdum. Ona qarşı heç bir kobud hərəkət etmədim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, bu zaman Orxan onu əli ilə itələyib, kobud danışmağa davam edib: “Həmin vaxt özümdə əsəbləşdim. İşləmək istəmədiyimi bu barədə administratora məlumat verəcəyimi dedim. Söhbət böyüməsin deyə oradan uzaqlaşaraq hava almaq istədim. Lakin Orxan ardımca danışmağa davam etidiyindən  əsəblərimi cilovlaya bilmədim. Geri qayıtdım ki, yenə də Orxanla söhbət edim. Lakin bu vaxt Orxan mənim yaxamdan tutdu. Həmin vaxt hiss etdim ki, Orxan məni vurmaq istəyir. Özümü qorumaq üçün Orxanın üz nahiyəsindən əlim ilə vurdum”.

İş üzrə zərərçəkmiş Orxanın sözlərinə görə, 21 mart 2023-cü ildən 29 may 2023-cü ilədək “Bazar” adlı restoranda ofisiant işləyib. “Tərlan da mənimlə birlikdə restoranda mənim köməkçim kimi işləyib. Mayın 29-da Tərlan işə gecikdi. Mən isə müştərilərlə tək maraqlandım. İşi çatdıra bilmədiyim üçün əsəbi oldum. Tərlan gələn kimi ona hansı səbəbə gecikdiyini soruşdum və dərhal mənə kömək etməsini istədim. Həmin gün təxminən saat 11-12 radələrində restoranda çoxlu müştəri olduğundan sifarişləri qəbul edib, onlara xidmət göstərməkdə çətinlik çəkdim. Bu məqsədlə köməyə Tərlanı çağırmışdım. Bu zaman Tərlan gələrəm, gələcəyəm deyə cavab vermişdi. Mən isə cavabları xoşuma gəlmədiyindən əsəbləşdim. Daha sonra fırının qarşısında Tərlana yaxınlaşaraq ona qarşı təhqiredici ifadə işlətdim. Bu zaman aramızda mübahisə yarandı. Əlim ilə onun çiynindən vuraraq itələdim. Bu zaman Tərlan oradan getdi. Lakin özüm Tərlanın ardınca “hara gedirsən gəl işlərini gör” deyə uca səslə danışdım. Bundan sonra Tərlan qayıtdı və mənim üz nahiyəmdən vurdu”. 

Bu cinayət işinə Nərimanov Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tərlanın əməli Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsinə tövsif edilib. 

Məhkəmə Tərlanın aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top