“Özəl məktəblərdə bu cür imkanlar var” — Şagirdlərin dərs yükü azaldıla bilərmi?

GÜNDƏM 02 apr 2024, 21:12
Rusiyada məktəblərdə dərs yükünün azaldılması üçün təkliflər edilib. Prezident Vladimir Putin hökumətə məktəblərdə imtahanların sayını və şagirdlərin ev tapşırıqlarına sərf etdikləri vaxtın azaldılmasını təmin etməyi tapşırıb. Hökumət “ümumtəhsil proqramları üzrə şagirdlərin ahəngdar, balanslaşdırılmış və səmərəli təhsil və tədris (sinif və məktəbdənkənar) yükü” yaratmaq üçün tədbirlər işləyib hazırlamalı və həyata keçirilməsini təmin etməlidir. 

Təhsil eksperti Elçin Süleymanovun sözlərinə görə, dünyanın qabaqcıl ölkələrinin təhsil sahəsindəki təcrübəsindən istifadə edilməlidir, amma burada məktəbin maddi-texniki bazası, pedaqoji heyət, şagird sayı və digər məqamlar da diqqətə alınmalıdır. Ekspert Demokrat.az-a açıqlamasında deyib ki, inkişaf etmiş ölkələrdə ev tapşırıqları, əsasən, məktəblərdə dərs saatı ərzində yerinə yetirilir:

“ABŞ və Avropanın bəzi ölkələrində məktəblərə hökumət və bələdiyyələr tərəfindən ciddi dəstək göstərilir. Şagirdlər məktəbdə gündə bir neçə dəfə yeməklə təmin olunurlar. Dərsdən sonra məktəbdə köməkçi müəllimlər şagirdlərlə ev tapşırıqlarının həlli ilə məşğul olurlar. Şagird dərsini məktəbdə oxuyub evə istirahət etməyə gedir. Azərbaycanda özəl məktəblərdə bu cür imkanlar var, amma dövlət məktəblərində bunun həyata keçirilməsi çətin olardı”. 

E.Süleymanov onu da qeyd edib ki, Təhsil İnstitutu və onun müxtəlif tədqiqat qrupları daha effektiv təhsil metodologiyasını məktəblərdə tətbiq edə bilər: 

“Fənlərin inteqrasiyası, paralel mövzuların birgə öyrənilməsi yolu ilə dərs yükü müəyyən qədər azaldıla bilər. Orta məktəb proqramında təkrarçılıq da aradan qaldırılmalıdır. Düşünürəm ki, hazırda məktblərdə dərs yükünün çox olduğunu iddia etmək elə də doğru olmazdı. Amma müasir nəsildə diqqət dağınıqlığı, aqressivlik və səbirsizlik yaşandığına görə müəllimlər dərsləri daha maraqlı keçməlidir deyə düşünürəm. Elm və təhsil naziri qeyd etdi ki, şagirdlərin məktəblərdə keçirdiyi vaxtla təhsil göstəriciləri arasında mütənasiblik yoxdur. Bu fikrə mən də qatılıram. Effektivlik daha önəmlidir, nəinki daha çox zaman sərf etmək”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top