Bakıda siqaret üstündə qanlı dava — TƏFƏRRÜAT

HADİSƏ 27 mart 2024, 11:00
Bakının Sabunçu rayonunda 1994-cü il təvəllüdlü Nəsib şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Turab adlı şəxsə xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə 18 iyun 2023-cü ildə baş verib. 

Nəsib həmin  saat 1 radələrində tanışı Turabı bıçaqlayıb. 

Hadisəni törədən Nəsibin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəsib ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, siqaret köşkündə işləyir və siqaret satır: 

“Zərərçəkmiş Turab ilə yaxın tanış münasibətim var və əvvəllər aramızda hər hansı bir hadisə baş verməyib. 17 iyun 2023-cü ildə, saat 23.30-da təmiz hava almaq üçün küçəyə çıxdım. Küçədə gəzişdikdən sonra yaxınlıqda yerləşən çayxanaya gedərək çay içməyi və sonra evə qayıtmağı qərara aldım. Piyada olaraq “Qəmlo” adlı çayxanaya getdim. Çayxananın zalında əyləşib çay sifariş verdim. Saat 1 radələrində çayxanadan çıxıb çayxananın qarşı tərəfində siqaret çəkməyə başladım. Bir neçə dəqiqə sonra Turab da çayxanadan çıxaraq mənə yaxınlaşdı, bir ədəd siqaret istədi. Lakin, Turab sərxoş vəziyyətdə idi. Siqaretim qurtardığı üçün Turaba siqaret verə bilmədim. Turaba siqaretimin qurtardığını, axırıncı qalan bir ədədini özümün çəkdiyimi dedim. 

Turab mənə nalayiq söyüş söyərək yalan dediyimi bildirdi. Turabı sakitləşdirməyə çalışsam da, buna nail ola bilmədim. Turab üstümə gələrək mənimlə dalaşmağa çalışdı və məni yerə yıxdı. Turabı zərərsizləşdirmək üçün üzərimdə olan və iş yerimdə istifadə etdiyim bıçaqla ona doğru bir dəfə zərbə endirdim. Zərbə Turabın qarnının sağ tərəfindən dəydi. Turab üstümə düşəndə əlimdəki bıçaq Turabın qarın hissəsinə yenidən dəydi. Lakin ikinci zərbənin Turaba dəydiyini bilməmişəm. Turab xəsarəti hiss etdiyi üçün məndən aralaşdı. Mən əməlimdən çox peşmanam”.

İş üzrə zərərçəkmiş Turabın sözlərinə görə, təxminən hadisədən bir il əvvəldən tanıyır, yaxın münasibətləri olmasa da, heç vaxt aralarında hər hansı bir hadisə, dava-dalaş olmayıb: 

“İyunun 17-də, axşam saatlarında Sabunçu qəsəbəsində yerləşən “Qəmlo” adlı kafeyə getdim. Orada spirtli içki qəbul etdim. Kafedən çıxarkən içkili idim. Yolda yeriyərkən Nəsibi gördüm. Ondan çəkmək üçün bir ədəd siqaret istədim. Nəsib bildirdi ki, siqareti qurtarıb. İçkili olduğum üçün bu mənə pis təsir etdi və aramızda mübahisə yarandı. 

Nəsibin dedikləri məni əsəbləşdirdi. Nəsibə əl qaldırıb yumruqla başından vurdum. Həmin vaxt Nəsib xəbərim olmadan bıçaqla mənə xəsarət yetirdi. Mən qan axdığını görəndə bildim ki, bıçaqlanmışam. Bundan sonra həmin küçədən ayrıldım. Qardaşım Rail gələrək məni idarə etdiyi avtomobillə 3 saylı Sabunçu xəstəxanasına apardı. Bu davanın səbəbkarı mən olmuşam. Çünki içkili idim”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nəsibin əməli Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edilib. Ona 5 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunub. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top