Qışa tədarük edilən kələm turşusunun uzun müddət keyfiyyətini qoruması üçün düzgün kələm seçimi, duzun miqdarı və saxlanma qaydaları mühüm əhəmiyyət daşıyır. Rumıniyanın Sadu kəndində yaşayan Kivutsa Veştemyan anasından və nənəsindən öyrəndiyi ənənəvi üsulla kələm turşusunu bir ilədək saxlaya bildiyini deyir.
Demokrat.az xəbər verir ki, bu barədə "G4Food" məlumat yayıb.
Ev xanımının sözlərinə görə, turşu hazırlayarkən kələmin ölçüsündən daha çox formasına və yarpaqlarının elastikliyinə diqqət yetirmək lazımdır. Xüsusilə, yastı formalı, yarpaqları asanlıqla bükülən kələmlər bu iş üçün daha münasib hesab olunur. İri kələmlər yarpaqlarından dolma hazırlamaq üçün, kiçikləri isə süfrəyə vermək üçün əlverişlidir.
Hazırlıq zamanı əvvəlcə kələmlər yuyulur, özəkləri çıxarılır və yaranan boşluğa bir qədər duz əlavə edilir. Daha sonra kələmlər çəlləyə yığılır və bir neçə gün saxlanılır. Bu müddətdə onlar bir qədər yumşalır və çəlləyə daha sıx yerləşir.
Duzlu su hazırlamaq üçün isə hər litr suya bir xörək qaşığı duz əlavə edilir. Hazırlanan məhlul kələmlərin üzərinə tökülür. Kələmlərin tamamilə suyun altında qalması üçün üzərinə taxta barmaqlıq və ağır daş qoyulur.
Reseptin özünəməxsus xüsusiyyətlərindən biri də çəlləyə əlavə olunan ərzaqlardır. Kələmin üzərinə xren, bir neçə qarğıdalı qıçası, kəklikotu və reyhan budaqları əlavə edilir. Bu məhsullar turşuya fərqli ətir verir, reyhan isə ev xanımının fikrincə, duzlu suyun qorunmasına kömək edir.
Kələm turşusunun uzun müddət saxlanması üçün daha bir vacib məqam duzlu suyun mütəmadi yoxlanılmasıdır. Veştemyan bunun üçün çəlləyin dibinə şlanq yerləşdirərək vaxtaşırı onun vasitəsilə suya hava üfürür. Onun sözlərinə görə, bu üsul duzlu suyun təzə qalmasına və səthində kifə bənzər təbəqənin yaranmasının qarşısını almağa kömək edir.
Ev xanımı bildirir ki, kələm turşusuna mütəmadi nəzarət edilərsə və hazırlanma qaydalarına əməl olunarsa, onu növbəti payıza qədər saxlamaq mümkündür. Hazır məhsuldan dolma, salat hazırlamaq, eləcə də müxtəlif yeməklərin yanında qarnir kimi istifadə edilir.
Jalə


