Üçuşaqlı ailələrə sosial müavinət veriləcək? — TƏKLİF

GÜNDƏM 14 mart 2024, 16:40
Azərbaycanda çoxuşaqlı anlayışının 5-dən 3-ə endirilməsi müzakirə olunur. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 13 mart tarixli iclasında deputat Vüqar Bayramov təklif edib ki, dünya praktikasında olduğu kimi, Azərbaycanda da 3 uşağı olan ailələr çoxuşaqlı ailə hesab edilsin: "Biz çoxuşaqlı ailə anlayışını 5 uşaqdan 3-ə endirsək, bu o deməkdir ki, 110 min ailə bu hüquqdan yararlana biləcək. Yəni, 110 min ailədə yaşayan uşaqlar sosial müavinət ala biləcəklər. Çoxuşaqlı ailə anlayışına yenidən baxılsın".

Komitə sədri Musa Quliyev də təklifi dəstəkləyib: "Uşaqların sayı 3-ə və 4-ə endirilməlidir. Bu məsələ işçi qaydada müvafiq icra hakimiyyəti orqanı ilə müzakirə edilir. Bununla bağlı pozitiv fikirlər var. Çünki əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı çoxuşaqlı ailə anlayışına yenidən baxılmalıdır”.

Sosioloq Əhməd Qəşəmoğlu Demokrat.az-a açıqlamasında deyib ki, qanuna dəyişiklik edilsə, bunun müsbət nəticələri olacaq:



“İmkan daxilində ailələrin sosial müdafiəsi məsələsinə diqqəti artırmaq lazımdır. İndiki vaxtda ölkədə əhalinin iqtisadi vəziyyəti tələb edir ki, 3 uşağı olan ailələrə də biz çoxuşaqlı ailə kimi baxaq. Vəziyyət 30-40 il bundan əvvəlki kimi deyil ki, çoxuşaqlı ailə deyəndə 5-7 və daha çox uşağa sahib ailələr ağıla gəlsin. İndi 3 uşağı böyütməyin də problemləri çoxdur. Təklifi müsbət qiymətləndirirəm. 110 min ailənin sosial müdafiəsinin artırılması sevindirici haldır”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 iyun 2025, 22:50
Top