“Hər şeyi məktəbin, müəllimin üzərinə atmaq olmaz” — Yeni qaydalar tətbiq olunur

SOSİAL 11 mart 2024, 14:14
Bu ilin sonuna qədər Bakı məktəblərində “Ümumi təhsil müəssisələrində şagird davranış qaydalar"nın tətbiq olunacağı gözlənilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Nərminə Hüseynova bildirib ki, "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" çox əlçatan və müfəssəl sənəddir: “Bu, həm məktəbə, həm də valideynlərə şagirdin təhsil müəssisəsində özünü necə aparmalı olduğunu başa düşməyə imkan verir. Hazırda layihə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 62 ümumi təhsil müəssisəsində həyata keçirilir. Pilot layihənin birinci mərhələsinin nəticələrinin təhlili göstərdi ki, bu məktəblərdə tədris mühiti müsbət istiqamətdə dəyişir. Bununla belə, bir daha vurğulamaq lazımdır ki, məktəb mühitinin formalaşmasında məktəblə valideynlər arasında əməkdaşlıq mühüm rol oynayır. Təhsil müəssisələri valideyn icmaları ilə münasibətlərinə əsaslı şəkildə yenidən baxmalı, bu istiqamətdə işləri gücləndirməlidir. Cəmiyyətdən, xüsusən də valideynlərdən lazımi dəstək olmasa, tez nəticə əldə etmək çox çətin olacaq", - deyə o qeyd edib.

Təhsil eksperti Rizvan Fikrətoğlu hesab edir ki, şagirdlərin uğur qazanması, onların düzgün tərbiyələndirilməsi təkcə məktəbdən asılı deyil. O, Demokrat.az-a açıqlamasında deyib ki, burada məktəb-valideyn əməkdaşlığının rolu əvəzsizdir: 

“Şagirdin hansısa probleminin həlli istiqamətində hər iki tərəf koordinasiyalı iş görməlidir. Bu iki tərəf şagird üçün ən real nümunədir. Məktəb-valideyn əlaqələrinin düzgün qurulması şagirdlərin davranışına, təhsilinə, sosiallaşmasına, bacarıqlarının inkişafına birbaşa təsir göstərəcək. Başqa sözlə, sağlam gələcəyə, savadlı gəncliyə töhfə vermək istəyiriksə, məktəb-valideyn əməkdaşlığının zəruriliyini önə çəkməliyik”.



Ekspert qeyd edib ki, bu mənada  müəllimlər məktəb və valideyn arasında möhkəm əlaqə yaratmaqda mühüm rol oynayırlar: 

“Bunun üçün lazım olduqca valideyn iclaslarının təşkili, düşərgələrin olması zəruridir. Natamam, problemli ailələr üçün də fərqli mexanizm tətbiq etmək olar. İndiki şəraitdə məktəb-valideyn əməkdaşlığına böyük ehtiyac var, məsələdə müasir yanaşmalar sərgilənməlidir. Hansısa hadisə baş verən kimi məktəb təklənilməməli, problemin yaranma səbəbləri öyrənilib həll edilməlidir. Hər şeyi məktəbin, müəllimin üzərinə atmaq olmaz. Uşaq birinci ailədə formalaşır və gününün böyük hissəsini evdə keçirir”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 10:38
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top