“Velosiped zolaqlarının adı dəyişdirilməlidir” — Nəqliyyatda yeniliklər olacaq

GÜNDƏM 07 mar 2024, 16:17
 Bakı şəhərində nəqliyyatın yaxşılaşdırılması üçün bir sıra addımlar atılacaq. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Bakıda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təşkilatçılığı ilə keçirilən “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusundakı konfransda məlumat verib. O bildirib ki, bu ilin sonuna qədər paytaxtda 100 yeni elektrikli avtobusun istismara verilməsi planlaşdırılır: “Avtobus parkının yenilənəcəyi, yeni velosiped yollarının salınacağı, həmçinin "Bakı Taksi Xidməti" MMC-yə 150 ədəd elektrik mühərrikli taksi alınması nəzərdə tutulur”, - deyə o qeyd edib.

Nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında deyib ki, ictimai nəqliyyatda marşruta ekoloji təmiz nəqliyyat vasitələrinin buraxılması sevindiricidir, xüsusən də paytaxt Bakı kimi iri sənaye şəhərində:

“Bu, həmçinin, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda təsbit olunub. Bundan başqa “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da bu məsələ əksini tapıb. Eyni zamanda, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in bəndlərindən biri də ondan ibarətdir ki, 2030-cu ilədək ölkəni “yaşıl artım” ölkəsinə çevirməliyik. Bu istiqamətdə aparılan işlərin məqsədi havaya buraxılan CO2 (karbon) qazının miqdarının azaldılmasıdır”.

Ekspertin sözlərinə görə, bu günə qədər Bakı şəhərində iki elektrik mühərrikli avtobus dövriyyəyə buraxılıb.



“Bu təcrübə özünü doğruldu. Şübhəsiz ki, görülən işlərin davamı olaraq elektrikli avtobusların sayının artırılmasına qərar verilib. Şəhərdə velosiped zolaqları da olmalıdır. Mümkün olan yerlərdə salınmalıdır bu zolaqlar. Gələcəkdə düşünürəm ki, velosiped zolaqlarının adını dəyişsək, daha doğru olar. Mikromobillik vasitələri yolları adlandırılmalıdır, çünki velosipedlə yanaşı skuterlər, elektroskuterlər, mühərrik həcmi 50 kubsantimetrə qədər olan mopedlərin də hərəkəti təmin olunmalıdır. Zolağın və ya yolun ayrıca bir status olmalıdır.

Taksi xidmətinə də yeni avtomobillərin alınması müsbət haldır. Bu işlər paytaxtda nəqliyyatın işini yaxşılaşdıracaq. Düşünürəm ki, qarşıda qoyulmuş məqsədlərə çatmağımız üçün yerində atılmış addımlardır”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top