Bizim üçün məsuliyyətli qarşılaşmadır — Qurban Qurbanov

İDMAN 06 mar 2024, 13:20
Çox vacib matçdır və bizə böyük dəstək var. Bakıda futbol ab-havası var. Bizim üçün məsuliyyətli qarşılaşmadır.

Demokrat.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Almaniyanın "Bayer 04" klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis bu rəqibə qarşı mübarizə aparmağın xoş olduğunu bildirib: "Belə klublarla oyunlarda böyük təcrübə yığırıq. Görüşə pis hazırlaşmamışıq. İnanıram ki, oyunçular ən yaxşı çıxışlarından birini göstərəcəklər. 90 dəqiqə matçın içində olmaq, düşünmək vacibdir".

Təcrübəli baş məşqçi Azərbaycan və Almaniya futbolu arasındakı fərqdən bəhs edib: "Son vaxtlar fərqi nəzərə almışıq, amma dərindən düşünməmişik. Rəqibə qarşı necə oyun qurmalıyıq? Onu fikirləşirik. Rəqibin üstün olduğunu bilirik, amma böyümək üçün çəkinmədən mübarizə aparmalı və 90 dəqiqə istənilən sürətə dözməliyik. Bunu bacarsaq, ildən-ilə daha yaxşısını edə bilərik".

Baş məşqçinin sözlərinə görə, oyunçularımız baxımlı futbol oynamağı düşünməsələr, nəticələri az olar: "Öz tələblərimizdən əl çəkmirik. Ev və ya səfər düşüncəsi yoxdur. Çəkinsək, çox az nəticə əldə edərik. Baxımlı futbol sərgiləməliyik. Sabah da öz düşündüyümüz hücumları qurmağa çalışacağıq. Onlar ustalıqda bizi üstələyə bilərlər. Amma sabah öz oyunumuzu göstərmək istəyirik. Böyük klublara qarşı da öz oyunumuzdan əl çəkməməliyik".

Qurbanov Türkiyə xalqına ona dəstək olduqları üçün təşəkkür edib: "Daim bu ölkənin futbolunu izləmişik. Diqqət mərkəzində olmaq bizə əlavə güc verir. Həmişə Türkiyə azarkeşlərini görürük. Bizim yanımızda olublar. "Qarabağ"ı dəstəkləyən qardaşlarımız var. Çəkinəcəyimiz bir şey qalmır".

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer 04” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab matçı martın 14-də Leverkuzendə olacaq. (report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top