Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır

SİYASƏT 05 mar 2024, 09:43
Son 30 ildə Azərbaycanda keçirilən bütün seçkilərdə böyük üstünlüklə qalib gəlmiş Yeni Azərbaycan Partiyası bu gün ölkənin hər bir bölgəsini əhatə etməklə aparıcı siyasi qüvvəyə çevrilib və Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Ümummilli maraqların reallaşması yolunda YAP-ın böyük tarixi nailiyyətlər qazanmasının nəticəsidir ki, onun sıraları ildən-ilə genişlənir və Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq olan insanları birləşdirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi YAP-ın VII qurultayından 3 il ötdüyünü xatırladaraq deyib ki, həmin vaxt Ermənistan üzərində qazandığımız tarixi Qələbənin sevincini yaşayırdıq. Bu, şanlı qələbəmizdən sonra ölkədə keçirilən ilk ən böyük tədbir idi. Prezident, YAP Sədri, İlham Əliyev Qələbədən sonra partiyanın gördüyü işlər barədə məlumat verdi. Dövlətimizin başçısı, həmçinin bir daha bəyan etdi ki, şəhidlərin adları və hərbçilərimizin qəhrəmanlığı unudulmazdır. Müasir Azərbaycanın dövlətçilik tarixinə şanlı salnamə kimi həkk olunmuş 44 günlük Vətən müharibəsinin ildönümləri, anım və Zəfər günləri respublikamızın hər yerində böyük təntənə ilə qeyd edilir, partiyanın Mərkəzi Aparatının təşkilatçılığı ilə elmi-praktik konfranslar və dəyirmi masalar təşkil olunur. Yerli təşkilatlar tərəfindən 3 mindən artıq müxtəlif tədbir, həmçinin şəhid ailələri və müharibə veteranları ilə 7 mindən çox görüş keçirilib, onlar daim diqqət mərkəzində saxlanılaraq sosial problemlərinin həllinə kömək göstərilib, şəhidlərin doğum və anım günləri ailələri və doğmaları ilə birlikdə qeyd olunur. Partiyanın fəalları şəhid məzarları, abidə və barelyeflərinin, həmçinin şəhidlərin şəkilləri əks olunmuş lövhələrin ətrafının abadlaşdırılmasında yaxından iştirak edirlər.

Ç.Qənizadə deyib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması Ulu Öndər Heydər Əliyevin siyasi vəsiyyəti idi: “Partiyamızın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə biz bu hədəfə doğru gedirdik. Xalq və iqtidarın bir yumruq kimi birləşməsi nəticəsində cəmi 44 gün ərzində tarixi ədalət bərpa olundu və düşmən torpaqlarımızdan qovuldu. Əldə olunmuş tarixi Qələbə sayəsində Qarabağ, Şərqi Zəngəzur yenidən qurulur. Azərbaycanın həyatında tamamilə yeni dövrün əsası qoyuldu. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq”.

Hüquq müdafiəçisi dövlət başçımızın bu vədindən cəmi 3 il keçdiyini xatırladıb və deyib ki, işğaldan azad edilmiş ərazilərdə bu müddət ərzində aparılan yenidənqurma, bərpa-quruculuq işləri dünya ictimaiyyətini də heyrətə gətirib. Artıq ölkəmizdə Böyük Qayıdış proqramı həyata keçirilir və məcburi köçkün soydaşlarımız öz isti ocaqlarına qayıdırlar.

“Dövlətimizin başçısı, həmçinin hakim partiyanın geniş beynəlxalq əlaqələrə malik olduğunu diqqətə çatdırdı və bu da ölkəmizin dünyada nüfuzunun artırılması məsələsində mühüm rol oynayır. YAP Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının üzvüdür. Bu təşkilat 50-dən artıq dövləti və siyasi partiyanı özündə birləşdirir. YAP-ın, həmçinin Türkiyə, Rusiya, Kanada, Hindistan, Gürcüstan, Koreya, Pakistan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və bir sıra digər ölkələrin hakim partiyaları ilə əməkdaşlıq əlaqələri mövcuddur. Prezident YAP-ın VII qurultayında partiyanın fəaliyyətində müəyyən olunmuş strateji hədəfləri də diqqətə çatdırıb: Heydər Əliyev irsinin təbliği və təşviqi, güclü iqtisadiyyat və davamlı inkişaf, inklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, şəffaflığın artırılması, vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, Vətəndaş həmrəyliyinin təminatı, milli maraqlar və xarici siyasət, ordu quruculuğu, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış”, - deyə o əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top