“Qızılcanın dərmanıdır” dedilər: Azərbaycanda eşşək südünün litri 100 manat oldu

SOSİAL 01 mar 2024, 14:55
Ölkədə qızılca xəstəliyi geniş yayılıb. Virus əvvəlki dövrlərə nisbətən daha ağır formada özünü büruzə verir. Hətta bu xəstəlikdən ölənlərin sayı da gündən-günə artır. Artıq insanlar buna görə narahatlıq keçirir və xəstəlikdən xətərsiz qurtulmaq üçün bütün eşitdikləri, bildikləri üsullara əl atırlar.

Virusun qarşısında əlacsız qalan bəzi həkimlər isə xəstələrə eşşək südünü məsləhət görüblər. Onlar bildiriblər ki, əgər xəstə eşşək südü içərsə, səpkilər üzə çıxar və qızdırma dərhal düşər. Bunu eşidən işbazlar isə hərəkətə keçərək, eşşək südünün bir litrinin qiymətini 100 manata qaldırıblar. Hətta bir çox saytlarda da eşşək südünün satılması ilə bağlı elan paylaşanlar da var. Hələ bu südün, həqiqətən də, eşşək südü olub-olmadığı da şübhə altındadır.

Doğrudanmı eşşək südü qızılca üçün bu qədər faydalıdır, yoxsa bu da işbazların bir oyunudur?

Məsələ ilə bağlı tanınmış həkim Qalib Əsədov Publika.az-a açıqlamasında deyib ki, bu, cəfəngiyatdır:

“Bu, heç bir tibbi, elmi məlumatlara əsaslanmayan mənasız fikirdir. İşbazların bir oyunudur. Ümumiyyətlə, virusun dərmanı yoxdur. Virusa təsir edən immun sistemidir. Əgər eşşək südü virusu öldürsəydi, sovet vaxtı insanlar niyə bu qədər əziyyət çəkirdilər ki? Elə eşşək südü içib sağalardılar, virusun qarşısını alardılar. Təbabətdən, elmdən xəbəri olmayanlar digərlərini aldatmaqdan ötrü bu tipli məsələləri ortaya atıblar”.

“Eşşək südünün öskürəyə necə təsiri var?” - sualına isə həkimin cavabı belə oldu:

“Öskürəyin müxtəlif növləri var. Quru öskürək, bəlğəmli öskürək və s. Südün heç bir fərqi yoxdur, inək südü olsun, keçi südü, qoyun südü, at südü - hamısı məməli heyvanların südüdür. Hansındasa xüsusi xassələr yoxdur”.

Həkim onu da vurğulayıb ki, “Ögey ana” filmində türkəçarədən istifadə edən adamları lağa qoyurdular, 21-ci əsrə gəlmişik, yenə də elə şəxslərlə qarşılaşırıq:

“Yadınızdadırmı, Nəsibə Zeynalovanın yaratdığı bir obraz vardı - Fatmanisə qarı. Orada deyirdi ki, “bu dərmanlardansa bir baş sarımsaq kötüyünü eşşək südündə qaynat iç, xırrıt kəsəcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top