"Bu gün Azərbaycan Avropaya daha çox lazımdır" — Deputatdan AŞPA ilə bağlı AÇIQLAMA

GÜNDƏM 29 fev 2024, 20:25
“Azərbaycanın Avropa Şurası Parlemant Assambleyasında səsvermə hüququndan məhrum edilməsindən sonra təşkilatı birdəfəlik tərk etməklə bağlı Prezident İlham Əliyevin ortaya qoyduğu mövqe yerinə düşür. Cənab Prezidentin də dediyi kimi əgər bu platformada fikirlərimiz bildirmək hüququmuz yoxdursa, nəyə görə orada təmsil olunmalıyıq?! Tələblərimiz yerinə yetirilməsə, təşkilatı tərk edə bilərik”. 

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Onun sözlərinə görə Avropa anlamalıdır ki, bu gün Azərbaycan ona daha çox lazımdır: 


“Əsasən, enerji sahəsində Azərbaycan Avropanın dayanıqlı tərəfdaşıdır. Biz Avropa dəyərlərindən imtina etmirik, əksinə, Avropanın bir parçasıyıq. Avropa təsisatları Azərbaycana təzyiqlər etməklə yanlış mövqe sərgiləyir. Ölkə başçısının da dediyi kimi heç kim Azərbacanla təhdid dili ilə danışa bilməz. Haqq-ədalət öz yerini tapmadığı təqdirdə təşkilatı tərk etmək dövlətimizin legitim hüququdur”.

V.İskəndərov onu da əlavə edib ki, son zamanlar Avropa dəyərlərinin ayaq altına atılması, insan haqları, demokratiya, plüralizm, vicdan azadlığı məsələlərinin yalnız sözdə əksini tapmasından sonra aydın oldu ki, bu anlayışlar yalnız hansısa qrupların marağına uyğun istifadə edilir: 

“Avropa Şurası ötən əsrin 80-ci illərindən etibarən süquta uğrayırdı. SSRİ-nin dağılmasından sonra müstəqillik əldə edən ölkələrin təşkilata qoşulması onu gücləndirdi. Azərbaycan buraya üzv olanda bir çox gözləntiləri var idi – Dağlıq Qarabağ münaqişəsinin həlli, Avropaya inteqrasiya, müharibə həqiqətlərinin dünyaya çatdırılması və bir sıra digər məsələlər. Lakin bunların heç birini görə bilmədik. Demokratik institutların formalaşmasında müsbət məqamlar oldu, amma təşkilat sonrakı illərdə özünü doğrultmadı”. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top