“Orta Dəhlizlə daşınmaların artması ölkədə yeni iş yerlərinin açılmasına imkan yaradacaq” — İqtisadçı

GÜNDƏM 27 fev 2024, 18:42
Xəbər verdiyimiz kimi Gürcüstanda Orta Dəhlizlə bağlı regional tədbir keçirilib. Tədbirdə iştirak edən Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib ki, Zəngəzur dəhlizi Orta Dəhlizin daşıma qabiliyyətini ildə 8-10 milyon tona qədər artıracaq. O qeyd edib ki, texniki nöqteyi-nəzərdən Zəngəzur dəhlizi daşıma müddətini də əhəmiyyətli dərəcədə azaldacaq, bunun sayəsində illik tranzit imkanlarında artım olacaq: “Biz Qarabağda avtomobil və dəmir yollarının yenidən qurulmasına, regionun tarixi əlaqəsinin bərpasına sərmayə qoyuruq. Digər prioritet layihə Şərqi Zəngəzur iqtisadi rayonundan Türkiyəyə nəqliyyat kommunikasiyasının yaradılmasıdır. Bu əlaqə nəqliyyat-logistika sektorunun inkişafı üçün böyük imkanlar yaradacaq və Orta Dəhlizin tərkib hissəsi olacaq”, - nazir müavini əlavə edib. 

İqtisadçı ekspert Xalid Kərimli Demokrat.az-a açıqlamasında Orta Dəhlizlə daşınmaların artmasının Azərbaycana bir neçə aspektdən faydası olacağını bildirib:

“Birincisi, Azərbaycan özü də yüklərini bu kanallardan istifadə etməklə daşıya biləcək. İdxal və ixracatçılar bu istiqamətdə daşımalar həyata keçirə biləcəklər, proses daha rahat və sürətli olacaq. Ona görə ki, alternativ marşrut yüklərin daha tez daşınmasına şərait yaradacaq. İkincisi, daşınmalar ölkədə tranzit gəlirləri formalaşdıracaq. Daşınmaların artması həm də dolayısı ilə yeni iş yerlərinin açılmasına səbəb olacaq. Eyni zamanda Azərbaycan nəqliyyat dəhlizinin üzərində yerləşdiyinə görə materiallar daha ucuz göndəriləcək, satışlar daha ucuz başa gələcək, bu da biznes sahələrinin inkişafına imkanlar açacaq. Bundan əlavə dövlətlərarası ticarət artacaq, ticarət həcmi çoxalacaq”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top