AZƏRTAC-ın xüsusi müxbiri Xocalı soyqırımının ildönümü ilə bağlı Ukrayna mediasına müraciət ünvanladı

GÜNDƏM 23 fev 2024, 12:21
Demokrat.az xəbər verir ki, AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynli Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Ukrayna mediasına müraciət ünvanlayıb. 

Ukraynanın 30-a yaxın informasiya agentliyi, portal və qəzetinə ünvanlanan bəyanatda Xocalı soyqırımı haqqında geniş məlumat verilib. 

Bildirilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş sovet qoşunlarının 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhəri işğal edilib, yerli əhaliyə qarşı soyqırımı cinayəti törədilib.

Bu soyqırımı hadisəsində 63 uşaq, 106 qadın və 70 ahıl olmaqla, 613 Xocalı sakini amansızlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. 76 uşaq olmaqla, 487 nəfər ağır yaralanıb. Eyni zamanda, həmin vaxt girov götürülmüş 1275 sakindən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də naməlum olaraq qalmaqdadır. 

Müraciətdə vurğulanır ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, bu cinayət əməlinə hüquqi və siyasi qiymətin verilməsi məqsədilə davamlı olaraq “Xocalıya ədalət!” kampaniyası həyata keçirilir.

Kampaniya çərçivəsində həyata keçirilən fəaliyyət nəticəsində 17 dövlətin qanunverici orqanı, ABŞ-ın 24 ştatı, eləcə də İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı tərəfindən bu qəddar qətliam pislənilib, soyqırımı kimi qiymətləndirilib, bununla bağlı müvafiq qərar və qətnamələr qəbul olunub. 

“İkinci Qarabağ müharibəsindən və 2023-cü il həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq, axtarış-qazıntı işləri zamanı Ağdam, Şuşa, Xocavənd, Füzuli, Kəlbəcər ərazilərində, həmçinin bir müddət əvvəl Xocalı rayonunun Əsgəran qalasının yaxınlığında kütləvi məzarlıqların tapılması, həmin məzarlıqlardakı insan qalıqlarının üzərində işgəncə izlərinin aşkarlanması Xocalıda törədilmiş soyqırımı zamanı soydaşlarımızın amansızlıqla qətlə yetirildiklərini, azərbaycanlılara qarşı soyqırımı siyasətinin aparıldığını bir daha təsdiqləyir”, - deyə müraciətdə qeyd olunur. 

Müəllif, həmçinin qeyd edib ki, 32 il əvvəl dünya birliyi, beynəlxalq təşkilatlar Xocalı soyqırımına hüquqi qiymət versəydi və Ermənistanın işğalının qarşısı alınsaydı, bu gün Ukraynada yeni müharibə ocağı yaranmazdı. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top