“Hər hansı inzibati qayda, cərimə dilə sevgi yarada bilməz” — Əməkdar jurnalist

SOSİAL 21 fev 2024, 17:06
Bu gün ölkədə Azərbaycan dilinə bir qədər yad münasibətin şahidi oluruq. Ətrafımıza baxmağımız kifayətdir. Valideyn azərbaycandilli olduğu halda, gündəlik həyatda azərbaycanca danışdığı halda övladını nədənsə rusdilli böyütməyə çalışır. Kafelərə, restoranlara gedirik, bəzilərində menyu heç azərbaycan dilində deyil, reklam lövhələri xarici dillərdə... Ölkəmiz inkişaf etdikcə, müstəqilliyimiz möhkəmləndikcə, əksinə, bu tendensiya sanki artır. 

Vətəndə ana dilinə ögeylik nədən qaynaqlanır? 

Əməkdar jurnalist, professor Qulu Məhərrəmli Demokrat.az-a açıqlamasında qeyd edib ki, ölkədə Azərbaycan dilinə dövlət qayğısı ən yüksək səviyyədədir, problemin kökü dil daşıyıcılarının dilə münasibətinə dayanır:

“Müstəqillik qazandıqdan sonra dövlət dili haqqında qanun, Azərbaycan dilinin müxtəlif sahələrdə işlənməsi, ədəbi dil normalarına riayət edilməsi ilə bağlı xüsusi dövlət proqramı qəbul olunub. Müxtəlif dil hadisələri ilə bağlı 20-dən çox sənəd qəbul edilib. Problem dil daşıyıcılarının dilə münasibətindədir. Biri mağazasına “Leyla” adını qoymur, mütləq “Afrodita” qoymalıdır, guya xarici ad olanda daha çox müştəri gələcək. Bunlar hamısı dil duyğusunun olmamasından irəli gəlir. 

Sözün yaxşı mənasında vətənpərvərlik hissi çatışmır, dilin təəssübkeşliyini çəkənlərin sayı azalıb. Televiziya və radio verilişlərində dil normaları tez-tez pozulur. 

Saytlar xəbərləri bir-birindən götürüb yayımlayır, xəbər başlıqlarına baxın - Azərbaycan dilinin normalarına uyğun olmayan nə qədər cümlə quruluşu meydana çıxıb. Dövlət Dil Komissiyası yanında Monitoriq Mərkəzi fəaliyyət göstərir, mütəmadi monitorinqlər aparılır, hesabatlar, təkliflər verilir, kitablar nəşr edilir. Bu, müsbət haldır. Amma bununla yanaşı nöqsanların sayı azalmır. Ona görə ki, dil daşıyıcılarının dilə münasibətində sevgi yoxdur. Hər hansı inzibati qayda, cərimə dilə sevgi yarada bilməz. 

Vətəndaş olaraq hər birimiz çalışmalıyıq ki, dilin düzgün işlədilməsinin qayğısına qalaq. Dil millətin ruhudur, onun udduğu hava, içdiyi sudur. Ona görə də dilin qədrini bilməliyik. Dilə bu cür sayğısız münasibətə yol vermək olmaz”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top