“Əgər o dəlidirsə, necə sağlamlıq arayışı alıb?!”

GÜNDƏM 14 fev 2024, 17:57
Dünən baş verən tükürpərdici qətl cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olub. Əqli çatışmazlığı olan bir şəxsə bu qədər imkan təqdim olunması, ayrı ev almaq, sərəncamına maşın vermək, küçədə rahat şəkildə hərəkət etməsinə imkan yaratmaq insanlar arasında birmənalı qarşılanmayıb. Çoxu onun ata-anasını qınasa da, caniyə sağlamlıq və sürücülük vəsiqəsi verən qurumlara irad bildirənlər də az olmayıb. Bəs, bu ailə faciəsində müqəssir kimdir? 

Mövzu barədə Əməkdar jurnalist Elçin Şıxlı “Yeni Sabah”a danışıb. O bildirib ki, əsas problem qətli törədən şəxsin ortalıqda sərbəst dolaşmasının hansı nəticələri olacağını heç kimin düşünməməsidir: 

“Bildiyim qədərilə həmin adam xəstə imiş. Bu səbəbdən həmin mövzuda tərbiyə məsələsindən söhbət gedə bilməz. Çünki əqli cəhətdən xəstə olan adam və tərbiyənin bir-biri ilə heç bir əlaqəsi yoxdur. Adam gözəl müəllim olub, başqalarına tərbiyə vermiş ola bilər. Amma bu faciədir, xəstəlikdir. Burada əsas məsələ odur ki, həmin şəxs niyə müalicə almayıb, onun hansı fəsadlara bais ola biləcəyini düşünən olmayıb? 

Bu hadisədən cəmiyyətimiz hansı dərsi alsın? Bu cinayətdir. Hamı bilir ki, cinayət törətmək, adam öldürmək olmaz. Bunu anlamaq üçün kiminsə qətl törətməsinə şahidlik etməyə ehtiyac yoxdur”. 

Əməkdar jurnalist bildirib ki, qətli törədən şəxs haqda deyilənlər doğrudursa, burada ciddi hüquq pozuntusuna yol verilib:

“Qətli törədən Əhməd haqda səsləndirilən ehtimallara gəlincə, əgər bu fikirlər doğrudursa, əgər onun idarəsinə avtomobil verilibsə, bu bir cinayətdir, hüquq pozuntusudur. Sağlam olmayan, ətrafına ziyan verəcək dərəcədə psixi problemləri olan adama heç nəyi etibar etmək olmaz. Ancaq bu məsələ araşdırılmalıdır. İddialar doğrudursa, sadalanan arayışları verən şəxslər də məsuliyyətə cəlb olunmalıdır. 

Hazırda o qədər insana sürücülük vəsiqəsi verilir ki, baxırsan, ona heç araba da vermək düzgün deyil. Şəhərdə maşın sürmək, ümumiyyətlə, özünü idarə etmək mümkün deyil”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top