Unudulmaqda olan mərasimlərimizdən — Xıdır Nəbi bayramı

GÜNDƏM 09 fevral 2024, 18:27
Qədim inanca görə bu gün Xıdır Nəbi bayramıdır. Bu mərasim Xıdır İlyas adı ilə də adlandırılıb. Əvvəllər demək olar ki, bütün bölgələrimizdə keçirilən bu bayram təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi kimi təbiət hadisələri ilə müşayiət edilir. Folklorşünaslıqda Xıdır Nəbi "suyun, külək və havanın himayəçisi" kimi təqdim olunur, Xızır peyğəmbərlə eyniləşdirilir.

Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova Demokrat.az-a açıqlamasında Xıdır Nəbi ilə bağlı bəzi maraqlı məlumatları bölüşüb: 



“Yanvarın 31-dən fevralın 1-ə keçən gecə Kiçik Çillə daxil olur və fevralın 19-na qədər, yəni 20 gün davam edir. Kiçik Çillədə 3 gün Xıdır Nəbi bayramı qeyd olunur. Fevralın 9-11-nə təsadüf edən bu qədim bayramın maraqlı ritualları var. Qovut bayramın əsas atributlarındandır. Belə ki, buğdanı qovurub qovut hazırlayar və süfrəyə qoyardılar. Pambıqdan niyyət şamı düzəldərdilər. Bu ritual, əsasən, Gürcüstanda yaşayan azərbaycanlılar arasında yayılmışdı. Ailə üzvlərinin, hətta mal-qaranın da sayına uyğun şam düzəldib bayramın sonuncu günündə yandırırdılar. İnanca görə, Xıdır baba əlini buğdanın üzərinə çəkir ki, il ruzulu, bərəkətli olsun. Evlərdə kiçik də olsa bayram süfrəsi qurulurdu. İnanılırdı ki, əgər evdə süfrə açılmasa, Xıdır Nəbi həmin evdən, ailədən küsər və evin bərəkəti az olar, bahar gec gələr. Bayramın digər atributları su və torpaqdır. Qədim inanca görə Xıdır Nəbinin Boz atının dırnağı torpağa dəyəndə həmin il quraqlıq olmur, qarlı, şaxtalı qışın ardıyca bərəkətli yaz gəlir, məhsul bol olur”.

İ.Qəsəbova qədim mərasimlərimizin zamanla unudulduğunu deyir: 

“Novruz ərəfəsi mərasimlərdən olan Xıdır Nəbi bayramı son dövrlərə qədər bölgələrimizdə yaşadılırdı, amma indi təəssüf ki, qədim ənənəmiz unudulur. İndi daha çox Naxçıvanda qeyd olunduğunu görə bilərik. Qardaş Türkiyədə də müxtəlif adlarla Xıdır Nəbi bayramı qeyd olunurdu. Bu mərasimlər xeyirin şər üzərində qələbəsini, torpağın oyanışını, bolluq və bərəkəti simvolizə edir. Əsasında isə qədim insanların təbiət qüvvələrinə olan inamı dayanır”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyun 2025, 20:58
Top