Lerikdə toyda qanlı cinayət törədən gənc cəzalandırıldı — MƏHKƏMƏ

KRİMİNAL 08 fev 2024, 13:57
Lerik rayonunda 2002-ci il təvəllüdlü Elməddin şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Yusifə xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 28-də Lerik rayonunun Zenonu kəndində baş verib. Elməddin əmisi Habilin oğlu Əmrahın kənd sakini Yusiflə əlbəyaxa olmalarını görüb. O, arxadan onlara yaxınlaşaraq özündə olan bıçaqla Yusifin bir dəfə zərbə vurub. 

Hadisəni törədən Elməddinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elməddin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Əmrah Zeynalov əmisi oğludur, münasibətləri yaxşıdır: “Lerik rayonunun Zenonu kənd sakini zərərçəkmiş Yusif uzaq qohumumdur. Onu tanıyıram, aramızda düşmənçilik olmayıb. 28 may 2023-cü ildə Zenonu kəndində yaşayan İsmayılın oğlu Hüseynin kiçik toy məclisini keçirdi. Həmin məclisdə qardaşım Niyaməddin və əmim oğlu Əmrahla birlikdə iştirak etdik. Toy məclisi saat 13 radələrində başlandı. Toy məclisinin gedişi zamanı, saat 18 radələrində Yusifin kiçik qardaşı Yunusla Niyaməddin arasında mənə məlum olmayan səbəbdən sözlə mübahisə yarandığını, onların toyxanadan çıxıb söhbət etmək üçün kənara getmələrini sonradan bildim. Buna görə Yusiflə Əmrah arasında toyxanadan kənarda mübahisə yarandı, əlbəyaxa oldular. Əlbəyaxa zamanı Əmrah Yusifi kənara itələdiyi üçün Yusifin sol qolu çəpərdə olan armatura dəydi və xəsarət aldı. Bütün bunları görməmişəm. Qardaşım hadisədən sonra mənə məlumat verdi”. 

İş üzrə zərərçəkmiş Yusifin sözlərinə görə, Elməddin və Niyaməddinin Masallı şəhərində yaşayan əmisi Habilin oğlu Əmrah Zeynalovu əvvəllər tanımayıb, onunla heç bir əlaqəsi olmayıb: “Yalnız 28 may 2023-cü ildə onunla dalaşmalarımızdan sonra onu tanımışam. Mayın 28-də həmkəndlim İsmayılın oğlu Hüseynə kiçik toy etdi. Həmin toya dəvət olunduğuma görə, toy məclisinə gələn qonaqlara xidmət göstərmişəm. Ağ Qışlaq kənd sakini Elməddin, Niyaməddin və sonradan adını bildiyim Əmrah da həmin məclisdə iştirak ediblər. Saat təxminən 18 radələrində çalğıçılar üçün çay aparmaq məqsədilə toyxanadan kənara çıxdım. Çay üçün gedərkən toyxananın arxasında dayanmış Elməddin, Niyaməddin və onların yanında dayanmış sonradan adını bildiyim Əmrah məni yanlarına çağırdılar. İnların yanına getməyərək samavara baxdım, su qaynamadığına görə çay hazırlaya bilmədiyimə görə toyxanaya qayıtdım. Toyxanada olduğum zaman Əmrah mənə yaxınlaşaraq “bayıra çıx səninlə işimiz var” dedi. Əmrahın sözünə toyxanadan bayıra çıxdım və bir qədər kənarda dayanmış Elməddinə yaxınlışaraq nə üçün məni çağırmalarını soruşdum. Elməddin mənə “Əmrah əmim oğludur, içki içib sərxoşdur ona əhəmiyyət vermə” dedikdən sonra toyxanaya qayıtdım. Bundan təxminən 5-10 dəqiqədən sonra Əmrah yenidən toyxanaya gəldi və mənə yaxınlaşaraq ünvanıma nalayiq söyüş söydü. Sonra qolumdan tutaraq mənə “bayıra çıx, səninlə işim var” dedi. Əmrah qoluma girərək məni toyxanadan kənara çıxardı, təxminən 20-30 metr kənara apardı. Əmrah qolumdan tutub kənara apardığı zaman arxadan Elməddin və Niyaməddin də gəldilər. Onlar da mənə yaxın məsafədə ardınca hərəkət etdilər. Əmrah qolumdan tutaraq məni kənara aparanda ondan nə istədiyini soruşdum. Əmrah mənə “gəl səninlə işim var” deyərək bundan əlavə heç bir söz demədi. Məni toyxananan 20-30 metr uzaqlaşdırdıqdan sonra qolumu buraxdı və məni vurmaq üçün üzərimə gəldi. Özüm arxaya çəkildim, Əmrah orada olan lapatkanı əlinə götürərək başıma vurmaq üçün üzərimə gəldi. Ondan uzaqlaşmaq və özümü qorumaq üçün arxaya çəkildim. Lakin Əmrah üzərimə gəldi. Məcbur olub özümü qorumaq üçün onunla əlbəyaxa oldum. Həmin anda Niyaməddin isə arxadan sağ ayağımı tutdu və hərəkət etməyimə imkan verməyərək məni yerə yıxmaq istədi. Arxaya dönmək istədiyim zaman Elməddin əlindəki bıçaqla sol qoluma zərbə vurdu. Bundan sonra onların əlindən qaçmaq istədiyim zaman Əmrah əlində lapatka məni qovdu. Həmin anda həmkəndlimiz Əmraha yaxınlaşıb lapatkanı onun əlindən aldı və bir neçə nəfər həmin yerə gəldi”.

Bu cinayət işinə Lerik Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elməddin 1000 manat cərimə cəzasına məhkum edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top