Peşə təhsilində yenilik: Türkiyə modeli tətbiq olunur

GÜNDƏM 30 yan 2024, 17:50
Azərbaycanda Türkiyənin peşə təhsili sahəsindəki təcrübəsini tətbiq edən məktəblər açılacaq. Bunu “Report”-a müsahibəsində Türkiyənin təhsil naziri, professor Yusuf Tekin deyib. O qeyd edib ki, Türkiyə və Azərbaycan arasında peşə təhsili sahəsində əməkdaşlıq protokolu çərçivəsində Bakıda və Qəbələdə iki təhsil müəssisəsinin açılması nəzərdə tutulur. Protokolla bu təhsil müəssisələrində 5 istiqamət – informasiya texnologiyaları, qonaq evləri və səyahət xidmətləri, mebel və interyer dizaynı, moda dizayn texnologiyaları, qida və içki xidmətləri üzrə tədrisin həyata keçirilməsi müəyyən edilib.  

Təhsil eksperti Elçin Süleymanovun sözlərinə görə, Türkiyənin peşə təhsili sahəsində kifayət qədər təcrübəsi var:

“Orada həm universitetlərin nəzdində kolleclərə bənzər “Meslek Yüksek Okulu”, həm də liseylər var ki, orta təhsil verməklə yanaşı müxtəlif ixtisaslar öyrədilir, xüsusən də turizm sahəsində orta-ixtisas təhsili verilir. Bu, əslində, Almaniya modelidir. Orada da liseylərdə tədris həm orta təhsili, həm də müəyyən peşələri əhatə edir. Arzu edənlər təhsilini davam etdirir, istəməyənlər qazandıqları peşə blikləri ilə orta səviyyəli mütəxəssis kimi fəaliyyət göstərə bilirlər. Azərbaycanda da Sovet dövründə texniki peşə məktəbi təcrübəsi var idi. Müstəqillik illərində deqradasiyaya uğradı. Sonradan peşə təhsili üzrə müəyyən struktur islahatları aparıldı, Agentlik yaradıldı. Həm ölkənin prioritetləri istiqamətində, həm də bəzi xarici ölkələrin dəstəyi ilə bir neçə peşə təhsili mərkəzi quruldu. Peşə təhsili mərkəzləri dünya təcrübəsində zavod və fabriklərin nəzdində də yaradılır. Azərbaycanda bu təcrübə Sumqayıt Texnoparkında tətbiq edilib”.



Ekspert Demokrat.az-a açıqlamasında onu da əlavə edib ki, Türkiyə təcrübəsindən istifadə dərslik, pedaqoji heyət və maddi-texniki bazanın inkişafına dəstək verəcək:

“Azərbaycan sürətlə inkişaf edir. Azad olunmuş ərazilərdə kənd təsərrüfatı, sənaye və istehsalat və turizm sektorlarında mütəxəssislərə ehtiyac var. Türkiyədə moda, dizayn, tekstil sektoru, mebel və interyer sahəsi və turizm sektorunda Türkiyənin təcrübəsinə ehtiyacımız var. Çünki Türkiyə bu sahələrdə dünyada aparıcı ölkələrdəndir. Onun bu səviyyəyə gəlib çatmasında peşə təhsilinin rolu böyük olub. Türkiyədə peşə liseylərində istehsal edilən məhsulları tələbələr sata da bilirlər, bu da onlara stimul verir. Həm gəlir əldə edirlər, həm də iş təcrübələrini artırırlar”.


Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top