Ekspert: “Bütün tikililərdə torpağın təyinatı nəzərə alınmalıdır”

GÜNDƏM 29 yan 2024, 19:44
Fövqəladə Hallar Nazirliyi özbaşına aparılan tikinti-quraşdırma işləri ilə bağlı müraciət yayıb. Müraciətdə bildirilir ki, dəfələrlə xəbərdarlıq edilməsinə və həyata keçirilən kütləvi maarifləndirmə tədbirlərinə baxmayaraq yenə də özbaşına aparılan tikinti-quraşdırma işlərinə dair faktlara rast gəlinir: “Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin keçirdiyi monitorinqlər zamanı tikinti sahəsində qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması, o cümlədən tikintisinə müvafiq qaydada icazə alınmadan və ya verilmiş icazənin tələblərinə əməl olunmadan, torpağın təyinatına uyğun gəlməyən tikinti işlərinin aparılması, müvafiq qaydada razılaşdırmadan bina və qurğuların konstruktiv (yükdaşıyan) elementlərində dəyişikliklərin edilməsi faktları aşkar olunur”. Qeyd olunur ki, bu hallar insan həyatı və sağlamlığına təhlükə törətdiyi üçün yolverilməzdir: “FHN bir daha vətəndaşlara müraciət edərək tikinti fəaliyyəti zamanı əhalinin təhlükəsizliyinin və sağlamlığının təmin edilməsi məqsədilə qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etməyə və pozuntulara yol verməməyə çağırır. Belə faktlar aşkar olunduqda nazirliyin “112” qaynar telefon xəttinə məlumat verilməsi tövsiyə olunur”.

Təhlükəsizlik sahəsi üzrə ekspert  Elmar Nurəliyev Demokrat.az-a açıqlamasında deyib ki, tikinti işləri aparılarkən torpağın təyinatının nəzərə alınmaması, tikinti norma və standartlarının pozulması təhlükə yaradan amillərdir:

“İstər yaşayış sahəsi olsun, istər qeyri-yaşayış sahəsi – bütün təyinatlı tikililərdə torpağın təyinatından tutmuş, yeraltı süxurlar, qum, çınqıl və s. xüsusiyyətlərin nəzərə alınması, ərazinin relyefi, tikintinin norma və standartlara uyğun layihəndirilməsi və tikintinin buna uyğun həyata keçirilməsi şərtdir. Tikinti prosesi zamanı texniki təhlükəsizlik qaydaları, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi qaydaları, sanitar normaların hər birinə ciddi riayət etmək lazımdır. Bunlar tikintini daha möhkəm və dayanıqlı edir. Qaydalara əməl etmək gələcəkdə dağılma, uçma, yanğın risklərini minimum endirir”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top