Mustafa Babanlı HARALARDADI?

SOSİAL 23 yan 2024, 13:35
Modern.az saytında “...haralardadır?” rubrikası geniş ictimaiyyətə tanış olan ictimai, siyasi, elm, mədəniyyət, incəsənət, idman, ədəbiyyat, din xadimlərinin hazırda harada olduğunu xəbər verir.

Bu dəfə çoxdandır mətbuatın haqqında yazmadığı tanınmış elm xadimi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin keçmiş rektoru, professor Mustafa Babanlının harada olduğunu dəqiqləşdirməyə çalışdıq.

56 yaşlı Mustafa Babanlı 2015-ci ilin sentyabrında Neft və Sənaye Universitetinə (ADNSU) rektor təyin olunandandan sonra müəllim heyəti, dekanlar, kafedra müdirləri, eləcə də digər əməkdaşlarla görüş keçirmiş, professordan tutmuş adi lobarantına qədər hər bir kəsi öz işində məsuliyyətli, nizam-intizamlı olmağa çağırmışdı. Ardınca da bir sıra islahatlar həyata keçirmişdi.

Ədalət naminə qeyd edək ki, onun rəhbərliyə gəlişindən sonra bu ali təhsil ocağında müsbət istiqamətdə bir çox dəyişikliklər olmuşdu. Sosial mediadakı müzakirələrdə də universitetdə əvəllər mövcud olan bir çox neqativlərin, o cümlədən rüşvətxorluq hallarının məhz M.Babanlı tərəfindən aradan qaldırıldığı bildirilirdi.

Hətta ADNSU beynəlxalq reytinq siyahılarına da daxil ola bilmişdi.

M.Babanlının özü hələ rektor olarkən media nümayəndələrilə ADNSU-da keçirilən görüşdə universitetdəki bir qrup köhnə fikirli müəllimin islahatlara qarşı barışmaz mövqe tutduğunu və onu yıxmaq üçün müxtəlif yollara əl atdıqlarını bildirmişdi.

2023-cü ilin iyulunda Mustafa Babanlının rektor vəzifəsindən azad edilməsi elm və təhsil ictimaiyyəti üçün çox gözlənilməz hadisə oldu. Hamı bir-birindən soruşurdu ki, görəsən hansı səbəbdən belə bir addım atılıb?

O zaman hətta bəziləri Mustafa Babanlının vəzifədən azad edilməsini onun “vurulması” kimi qiymətləndirməyərək, irəli çəkiləcəyini gözlədiklərini bildirirdilər. Amma sonra məlum oldu ki, bu cür düşünənlər yanılırlar.

Elm və təhsil ictimaiyyəti Mustafa Babanlının vəzifədən çıxarılmasının əsl səbəbini hələ də öyrənə bilməyib.  Baxmayaraq ki, müxtəlif iddialar ortaya atılıb, amma heç biri təsdiqlənməyib.

Məsələn, gah iddia olunur ki, sabiq rektor onun etimadından və etibarından sui-istifadə edənlərin güdazına gedib, gah da bildirilir ki, M.Babanlı onu “yıxmaq” istəyən qrupun tələsinə düşüb və s.

Bəs Mustafa Babanlı hazırda haralardadı?

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən bu suala cavab vermək istəmədilər.

Sabiq rektorun özü də  bu haqda danışmaq istəmir və telefonlara cavab vermir.

Keçmiş rektora yaxın çevrədən əldə etdiyimiz məlumata görə, texnika elmləri doktoru, Əməkdar elm xadimi, professor Mustafa Babanlı hazırda heç bir vəzifədə çalışmır.

Sabiq rektorun sosial şəbəkədəki səhifəsi sonuncu dəfə onun adından 20 Yanvar Hüzn günü ilə bağlı paylaşım edib və şəhidlərə rəhmət diləyib.

Mustafa Baba oğlu Babanlı 1968-ci il fevralın 21-də müəllimlər ailəsində anadan olub. 1983-cü ildə Bakı şəhəri 1 saylı Fizika-Riyaziyyat təmayüllü orta məktəbi bitirib, elə həmin il də Kiyev Texniki Universitetinin mühəndis-fizikası fakültəsinin metallar fizikası ixtisasına daxil olub. 1989-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra gənc mütəxəssis kimi Azərbaycan Milli Elmlər Akademiyasının “Kristal” təcrübə zavodlu xüsusi konstruktor bürosunda mühəndis texnoloq kimi əmək fəaliyyətinə başlayıb.

1990-1992-ci illərdə Ukrayna Milli Elmlər Akademiyasının Metallar Fizikası İnstitutunda aspiranturada təhsil alıb, 1993-cü ildə namizədlik dissertasiyası müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi alıb.

M.Babanlı 1996-cı ildən Azərbaycan Texniki Universitetinin Metallurgiya və metalşünaslıq kafedrasında işləyib. Əvvəlcə assistent, 2001-ci idən 2010-cu ilədək dosent vəzifəsində çalışıb.

4 noyabr 2010-cu il tarixində Texniki Universitetin beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsinə təyin edilib.

2008-ci ildə Azərbaycan Texniki Universitetində texniki elmləri üzrə doktorluq dissertasiyası müdafiə edib.

2015-ci ilin sentyabrında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə rektor təyin edilib. 2023-cü ilin iyulunda rektor vəzifəsindən azad edilib.

Ailəlidir, 2 qızı, 1 oğlu var.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top