Perinatal Mərkəzində baş verən faciə Bakı Dövlət Sirkində də təkrarlana bilər — Həyəcan təbili...

TƏHLİL 10 yanvar 2024, 09:35
Bakı Dövlət Sirki insanların həyatı üzərində sözün gerçək mənasında “sirk” çıxarır. Söhbət səhnələşdirilən sirkdən yox, sirk binasının təhlükəsizliyindən gedir. Ötən gün Respublika Perinatal Mərkəzində baş verən yanğın binalarda təhlükəsizliyi məsələsini bir daha gündəmə gətirdi və diqqətləri ilk növbədə Bakı Dövlət Sirkinin üzərinə yönəltdi.

Birincisi, Sirk binasında təhlükəsizlik standartlarına əməl edilmir.

İkincisi, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sirkinə tədbirlərin keçirilməsinin təhlükəli olduğu haqda rəsmi xəbərdarlığı var.

Bu iki amil Bakı Dövlət Sirkinin təcili şəkildə yenilənməli olduğunu aktuallaşdırır və bütün təhlükəsizlik tədbirləri həyata keçirilmədən heç bir tədbirin keçirilməməsini zəruri edir...

Artıq illərdir ki, Bakı Dövlət Sirkində heç bir təhlükəsizlik tədbirinə əməl edilmədiyinə dair məlumatlar mətbuatda və sosial şəbəkələrdə mütəmadi olaraq yayılır. İddialara görə, Bakı Dövlət Sirkində nə yanğından mühafizə təhlükəsizliyi var, nə də binanın ümumi təhlükəsizliyi yerindədir. Misal üçün, sirk meydanında tamaşaçıların təhlükəsizliyinin qorunmaması bəlli məsələdir, lakin bu məsələ daim gündəmə gəlsə də, heç bir tədbir görülməyib. Bu hələ kiçik məsələdir. Əsas problem insanların tamaşa üçün toplaşdığı Sirk binasının başdan-ayağa təhlükəli vəziyyətdə olmasıdır. 

FHN bununla bağlı dəfələrlə rəsmi səviyyədə xəbərdarlıq edib. Amma Bakı Dövlət Sirkinin rəhbərliyi “üç meymunu” oynayır, təhlükəni nə görmək, nə eşitmək, nə də dilə gətirmək istəmir. Belə demək mümkünsə, hər şeyi qulaqardına vurur.

Heç kim zəmanət verə bilməz ki, tamaşanın göstərildiyi vaxt bina uçmayacaq, yaxud yanğın baş verməyəcək. Buna heç Sirkin rəhbərliyi də zəmanət verə bilmir.



Sual yaranır: gərək Respublika Perinatal Mərkəzindəki kimi yanğın baş versin, yaxud hansısa faciə yaşansın, ondan sonra Sirk binasının təhlükəli vəziyyətdə olduğu gündəmə gəlsin?! 

Axı Bakı Dövlət Sirkinin təhlükəli vəziyyətdə olduğu rəsmi səviyyədə də təsdiq olunub, mediada mütəmadi olaraq yazılır.

Bu gün bütün ölkə Respublika Perinatal Mərkəzində baş vermiş yanğında həlak olan körpələri müzakirə edir. Halbuki, Perinatal Mərkəzin binasında yanğın təhlükəsizliyi ilə bağlı problemlərin olduğu daha əvvəl də gündəmə gəlmişdi. Əgər zamanında bu məsələlərə diqqət edilsəydi, məsuliyyətli yanaşılsaydı, bu gün 4 körpənin ölümünə səbəb olan yanğın da baş verməzdi. 

Burada əsas səbəb paytaxtda bir çox binanın təhlükəli vəziyyətdə olmasıdır. Onlardan biri Perinatal Mərkəzdirsə, digəri də Bakı Dövlət Sirkidir. Birində artıq faciə baş verdi, digərində - Bakı Dövlət Sirkində eyni faciənin yaşanmaması üçün təcili tədbir görülməlidir. Əks təqdirdə, bizə qalan yalnız faciənin baş verməsindən sonra danışmaq olacaq.


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 sentyabr 2024, 08:36
Top