"İnformasiyanı tənzimləməyi öyrənməliyik və buna orta məktəblərdən başlanılmalıdır" — Ekspert

SOSİAL 20 dek 2023, 18:28
Media savadlılığı mövzusunda bu gün keçirilən konfransda orta məktəblərdə media savadlılığı fənninin tədrisi ilə bağlı müzakirələr aparılıb. Şagirdlərdə informasiya savadlılığının artırılmasının vacibliyi qeyd olunub. 

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı təhsil eksperti Elmin Nuri Demokrat.az-a açıqlamasında bu fənnin keçirilməsini dövrün tələbindən irəli gələn mühüm məsələ kimi dəyərləndirib:

"Media spesifik sahədir. Bu gün orta məktəblərdə oxuyanların neçə faizi gələcəkdə media sahəsində fəaliyyət göstərəcək? Söhbət böyük kəsimdən gedir. Bu fənn orta məktəblərdə daha çox informasiya savadlılığını əhatə etməlidir. İnformasiya savadlılığının artırılması bu günümüzdə hər kəs üçün aktuallıq kəsb edir. Çünki informasiya erasıdır, dünya informasiya kommunikasiya texnologiyaları ilə idarə olunur. İnformasiya erası özünün manipulyativ meyarlarını asanlıqla təlqin edə bilir. Aylar əvvəl informasiya savadlılığı mövzusunun orta məktəblərdə təbliğindən danışanda buna birmənalı yanaşma yox idi. Məktəb həyatın tələbləri istiqamətində fəaliyyət göstərməlidir. Elə fənlər var ki, onların gələcəkdə tətbiqi bazası sıfır səviyyədədir. Bunların yerinə informasiya savadlılığı fənninin keçirilməsi daha yaxşı olardı.

 Bu gün 3 yaşlı uşaq belə internetdən, sosial şəbəkələrdən istifadə edir. İnsanlar hər gün sonsuz sayda informasiya ilə tanış olur. Hansının lazımlı olub olmadığını, insan psixologiyasına mənfi və ya müsbət təsirini ayırd edə bilmək  həmin fənnin əsas predmeti olmalıdır. İnformasiya savadlılığı sahəsində boşluq olduğuna görə lazımı informasiyadan yararlana bilmirik. Məhz buna görə tiktok sosial şəbəkəsinə mənasız, gəncliyə zərər verən informasiyalar ayaq açır. Saytlarda ip xətrinə yararsız informasiyalar verilir. Sosial şəbəkələrdə belə informasiyalar daha çox kəsimə çatır. Televiziyalardakı vəziyyəti şərh etməyə heç ehtiyac yoxdur. İnformasiyanı tənzimləməyi öyrənməliyik və buna orta məktəblərdən başlanılmalıdır".

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top