“Təhlükəsizliyimizin təmin olunması istiqamətindəki tədbirlər digər dövlətlərə mesajdır”

GÜNDƏM 14 dek 2023, 19:59
“Ölkədə milli təhlükəsizliyin təmin olunması, bu səpkidə baş verə biləcək cinayətlərin qarşısının alınmasında Dövlət Təhlükəsizliyi Xidmətinin rolu böyükdür. Dövlətin təhlükəsizliyinə xələl gətirəcək cinayət hadisələrinin üstünün açılmasında çox işlər görülür. Ölkənin milli təhlükəsizlik konsepsiyası ilə bağlı 2007-ci ildə akt qəbul olunub. Milli təhlükəsizlik istiqamətində və dövlətin bu sahədə siyasətini formalaşdıran və onu həyata keçirən bir qurum olaraq dünyanın bu qəbildən olan təşkilatlarına nümunə olacaq fəaliyyət istiqamətləri həyata keçirilir”.

Bunu Demokrat.az-a açıqlamasında “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev deyib. O qeyd edib ki, aidiyyəti qurumlarla birgə fəaliyyət təqdirəlayiqdir:

“Koordinasiyalı şəkildə birgə fəaiyyət həm də vətənə sədaqətin canlı təzahürüdür. Bu ilin son aylarında “Kərimə dövləti” ilə bağlı xəbərlərdə məlumatlara rast gəlirdik. Bəzi vətəndaşlarımızın Azərbaycan dövlətçiliyi, dövlət quruluşu əleyhinə fəaliyyət göstərmələri təəssüfedici məqamdır. Təhlükəsizliyimizin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər həm də digər dövlətlərə mesajdır. Sülh və bəşəriyyət əleyhinə, dövlətin konstitusion quruluşu əleyhinə törədilən cinayətlərə qarşı cəza tədbirləri sərtləşdirilməlidir. 8 ildən 12 ilə və ya 10 ildən 15 ilə qədər cəza sanksiyaları konkret cəza ilə əvəz edilməlidir. Müstəsna cəza tədbiri kimi ölüm cəzası da mütləq tətbiq olunmalıdır. Hansı dövlətin nə deməyindən asılı olmayaraq söhbət dövlətin təhlükəsizliyindən gedir. Çünki bu yolu seçənlər əməllərinin fərqində olur, şüurlu şəkildə bunda iştirak edirlər. Konstitusiyanın 27-ci maddəsinə uyğun olaraq müstəsna cəzanın tətbiqinə baxılmalıdır. Dövlət Təhlükəsizliyi Xidməti  və Xarici Kəşfiyyat Xidməti əməkdaşlarını təbrik edirəm, onlara bu çətin və məsuliyyətli, lakin müqəddəs yolda uğurlar arzulayıram!”

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli Fərmanı ilə xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılıb. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top