Vətən müharibəsinin iştirakçısının atasına qarşı dələduzluq edilib — TƏFƏRRÜAT

KRİMİNAL 14 dekabr 2023, 16:32
Ağcabədi rayonunda 1967-ci il təvəllüdlü Şahid Şahin adlı şəxsə qarşı dələduzluq edib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Şahid tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədilə təqaüd düzəldəcəyini vəd edib. O, 2021-ci ilin may ayında Şahindən 3030 manat məbləğində pulunu alıb. 

Şahidin barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şahid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Şahini tanıyır, aralarında qohumluğu və ədavəti olmayıb: “Şahini 2021-ci ilin aprel-may ayında tanışım Məhəmməd vasitəsilə tanımışam. Məhəmməd mənə Şahin adlı tanışı olduğunu, Şahinin oğlunun hərbçi olduğunu və onu təqaüdə çıxarmaq istədiyini bildirdi. Mən də maraqlanacağımı dedim. Şahin özü də Bakı şəhərinə gəldi  və Məhəmmədlə birlikdə görüşərək bu barədə söhbət etdik”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Şahin oğlunun 2-ci Qarabağ müharibəsi iştirakçısı olduğunu, müharibə zamanı yaralandığını, ona görə də oğlunu təqaüdə çıxarmaq istədiyini deyib: “Mən də Şahinə oğlunu təqaüdə çıxaracağımı bildirdim. Şahindən bu iş üçün 3000 manat pul istədim. Şahin də razılaşdı. Aradan bir müddət keçdikdən sonra Şahin mənimlə danışaraq həmin pulun hazır olduğunu, göndərmək istədiyini dedi. Mən də pulu Məhəmmədin kartına göndərməyi dedim. Şahin də Məhəmmədin kartına 3030 manat pul göndərdi. Bundan sonra mən də həmin pulu kartdan çıxardı. Şahinin oğluna ilkin olaraq müəyyən köməklik etdim. Onu bir neçə dəfə məzuniyyətə gətirdim, xidmətində də yüngül işlərə ayrıldı. Lakin yekunda Şahinin oğlunu təqaüdə çıxarda bilmədim. Aradan bir neçə ay keçdi, Şahinə vəd verdiyim vaxt tamam oldu. Şahin də tez-tez zəng edərək maraqlandı, Bakı şəhərinə gələrək görüşdük. Artıq bir neçə vaxt keçdikdən sonra işi düzəldə bilmədim. Şahin də məndən pulunu geri tələb etməyə başladı. Həmin puldan 2.600 manat düzəldərək Şahinə göndərdim. Lakin yerdə qalan pulu düzəldə bilmədim”. 

Təqsirləndirilən şəxs deyib ki, Şahindən təxminən 2021-ci ilin may ayında oğlunu təqaüdə çıxarmaq üçün 3030 manat pul alıb: “Həmin pulun hamısını özümə götürmüşəm, Məhəmmədə verməmişəm. Məhəmmədin bu işdə heç bir rolu olmayıb. Məhəmməd təkcə Şahinlə məni tanış edib. Həmin pulun hamısını özümə götürmüşəm. Puldan Elxana da verməmişəm. Elxanın bu işdə heç bir rolu olmayıb. Elxan ilə Məhəmməd təkcə Şahinlə məni tanış ediblər”. 
Zərərçəkmiş Şahinin sözlərinə görə, ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir: “Oğlum Elmidar “N” saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu işləyib. Elmidar 2-ci Qarabağ müharibəsində aktiv iştirak edib. Prezidentin fərmanları ilə Cəsur döyüşçü, Laçın rayonunun azad edilməsi medalları ilə təltif olunub. Elmidar müharibə zamanı kürək nahiyəsindən snayper yarası alıb. Ona görə də bir çox yerlərdə müalicə alıb. Elmidar evin tək oğlu olduğu üçün onun xəbəri olmadan təqaüdə çıxarmaq, öz yanıma gətirmək istəmişəm. Bu məqsədlə Elmidarı təqaüdə çıxarmaq üçün adam axtarmışam və tanışlarıma bu barədə demişəm”. 

Zərərçəkmiş deyib ki, 5 yanvar 2021-ci ildə əsgərlik yoldaşı və dostu olan Elxanın nəvəsinin ad günü olub: “Mən də Elxana zəng edib təbrik etdim. Telefonla danışan zaman Elxan Elmidarı soruşdu. Elxana Elmidarı təqaüdə çıxarmaq üçün tanış adamı olub-olmadığını soruşdum. Həmin vaxt Elxan dedi ki, onun baldızı oğlu Məhəmmədin tanışı var, bu işdə köməklik edə bilər. Elxandan Məhəmmədin telefon nömrəsini aldım və Məhəmmədlə telefonla danışdım. Məhəmməd dedi ki, onun Şahid adlı tanışı var, Şahid təqaüd düzəldə bilər. Biz bir neçə vaxt bu barədə danışıqlar apardıq. Məhəmmədin telefonu ilə Şahidlə də danışdım. Sonradan biz yenidən danışanda Şahid dedi ki, Elmidarı yoxladıb, məxfiçilik üçün 970 manat təqaüd alacaq və əlavə olaraq 350 manat prezident təqaüdü alacaq. Şahid bu iş üçün məndən 3000 manat pul istədi. Mən də həmin pulu düzəltdim və təxminən 2021-ci ilin may ayında danışan zaman Məhəmmədin göndərdiyi nömrəsini və sahibini xatırlmadığım karta 3030 manat pul göndərdim. Karta göndərilən pula görə hər 100 manata 1 manat çıxıldığı üçün 30 manat əlavə göndərdim ki, Şahid bütöv 3000 manat pul çıxarsın. Şahid təqaüdü iki ay müddətinə düzəldəcəyinə söz verdi”.

Şahinin ifadəsinə görə, aradan bir neçə gün keçdikdən sonra Bakı şəhərinə gedib: “Orada Elxan və Şahidlə görüşdüm. Şahiddən təqaüd barədə maraqlandım. Şahid dedi ki, Elmidarın təqaüd sənədləri hazırlanıb, yaxın günlərdə çağırılıb tibbi komisiyadan keçiriləcəkdir. Mən gözlədim, lakin Elmidar komisiyyaya çağırılmadı. Şahidlədə danışdım və təqaüd barədə maraqlandım. Elmidar komisiyaya çağırılmadı, Şahidin vəd etdiyi vaxt tamam oldu. Şahid yenə təqaüdün yaxın günlərdə düzələcəyini dedi. Bir neçə gün də gözlədim. Lakin Elmidarın təqaüdü düzəlməyincə yenidən Şahidlə danışdım. Şahid mənə gözləməyimi, təqaüdün düzələcəyini bildirdi. Artıq Şahidin verdiyi vaxtdan çox müddət keçdi. Gördüm ki, Şahid məni aldadır, təqaüdü düzəltmir. Şahidə pulumu geri qaytamasını, yoxsa şikayət edəcəyimi dedim. Şahid də pulu qaytaracağına söz verdi. Şahidlə dəfələrlə telefonla danışaraq pulu tələb etdikdən sonra Şahid mənə 900 manat göndərdi. Sonradan Şahiddən qalan pulu tələb etdim. Şahid mənim qalan pulumdan 1.700 manat ödədi. 430 manatı geri qaytarmadı”. 

Bu cinayət işinə Ağcabədi Rayon Məhkəməsində baxılıb. Məhkəmə hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Şahidin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 sentyabr 2025, 21:22
Top