Kəmaləddin Heydərovun işdən çıxardığı rəis işə bərpa və maaşını tələb edir — 26 illik mübahisə

HADİSƏ 13 dek 2023, 17:52
Xudafərin Gömrük İdarəsinin rəisi vəzifəsində işləmiş Qara Məmmədov Dövlət Gömrük Komitəsini məhkəməyə verib. 

Qaynarinfo xəbər verir ki, keçmiş rəisin iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. İş hakim Miminat Hacıbəyovanın icraatındadır. İşin mahiyyəti əmək məsələləri üzrə mübahisələrdən ibarətdir. 

Qara Məmmədov 1993-1997-ci illərdə Xudafərin Gömrük İdarəsinin rəisi vəzifəsində işləyib. Həmin vaxt DGK-nın sədri hazırda fövqəladə hallar naziri vəzifəsində çalışan Kəmaləddin Heydərov olub. Əldə etdiyimiz məlumata görə, Qara Məmmədov onun əmri ilə tutduğu vəzifədən azad edilib. 

Bildirilir ki, keçmiş rəisi Kəmaləddin Heydərovun bu addımını qanunsuz hesab etdiyindən işə bərpa və əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib. 

Qara Məmmədov məhkəmə çəkişməsindən qalib ayrılıb. Onun işə bərpa edilməsi və maaşının ödənilməsi barədə qərar çıxarılıb. Lakin DGK bu günə qədər məhkəmə qərarını icra etməyib. Qara Məmmədov qərarın icrası üçün bütün hüquqi yollara baş vursa da, nəticəsi olmayıb. 

Məlumata görə, o, nəhayət, Baş Prokurorluğa müraciət edərək faktla bağlı Cinayət Məcəlləsinin 306 (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) və 314-cü (Səhlənkarlıq) maddələri ilə cinayət işinin başlanmasını xahiş edib. 

Məlumat üçün deyək ki, Xudafərin Gömrük İdarəsi 2019-cu ildə ləğv edilib. Bu qurumun, eyni zamanda Astara, Biləsuvar, Şirvan, gömrük idarələrinin bazasında Cənub Ərazi Baş Gömrük İdarəsi yaradılıb. 

Qara Məmmədov özü hazırda vəkillik fəaliyyəti ilə məşğuldur. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top