"Hər xırda hadisədən ötrü vəhşi heyvanları öldürmək olmaz"

SOSİAL 12 dek 2023, 20:59
Zaqatalanın Muxax kəndində çaqqal məktəblilərə və valideynlərə hücum edib. Hadisə baş verən kənddə belə hallar vaxtaşırı təkrarlanır. Sakinlər deyir ki, vəhşi heyvanları öldürə bilmirlər, çünki polis gəlib cərimələyir. Çarəsiz qalan kənd sakinləri aidiyyəti qurumlardan kömək istəyirlər. 

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərlinin sözlərinə görə vəhşi heyvanların, xüsusən də canavar və çaqqalların insanlar yaşayan yerlərə, kəndlərə, qışlaqlara hücumu adətən qış aylarına təsadüf edir.

O, Demokrat.az-a açıqlamasında deyib ki, buna səbəb heyvanların qida tapa bilməməsidir:

"Onlar meşələrdən kəndlərə enir, mal-qaranı, xırda buynuzlu heyvanları, ev quşlarını, yük heyvanlarını tələf edir. Son illər Azərbaycanın rayonlarında vəhşi heyvanların insanlara hücumu da müşahidə edilir. Zaqatalanın Muxax kəndində baş verən son hadisə təbii ki narahatedicidir. Çaqqallar məktəbə gedən uşaqlara hücum edib, bir neçə nəfərə xəsarət yetiriblər. Hücum edən heyvan sakinlər tərəfindən öldürülüb. Hesab edirəm ki, vəhşi heyvanları qorxudub ərazidən uzaqlaşdırmaq da olardı. Doğrudur burada söhbət insan həyatından gedir. Məktəblilərin həyatını təhlükəyə atmaq olmaz". 

Ekspert hesab edir ki, müvəqqəti olaraq kənd sakinləri həmin yola nəzarət etsələr, valideynlər uşaqları məktəbə qədər müşayitə etsələr  yaxşı olar: 

"Hər xırda hadisədən ötrü vəhşi heyvanları öldürmək olmaz. Biomüxtəlifliyi  qorumaq lazımdır. 

Xatırladım ki, Azərbaycan 1999-cu ildən Avropada “Vəhşi təbiətin qorunması” Beynəlxalq Konvensiyasının üzvüdür. Həmin Konvensiya bir sıra vəhşi heyvanların ovlanmasını qadağan edir. Düzdür, hansısa vəhşi heyvan insana hücum edirsə, həyatına təhlükə yaradırsa, son çarə olaraq, özünümüdafiə tədbiri kimi heyvanı vurmağa icazə var. Ancaq insanlar vəhşi heyvanların hücumuna tez-tez məruz qalırsa, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yelri bölmələrinə müraciət olunmalıdır. Nazirliyin əməkdaşları ərazidə araşdırma aparmalı, vəziyyəti təhlil etməli və vəhşi heyvanların yaşayış yerlərindən uzaqlaşdırılması üçün müvafiq tədbirlər  həyata keçirməlidir. Vəhşi heyvanların zərərsizləşdirilməsini, ərazidən uzaqlaşdırılmasını istənilən halda kortəbii şəkildə həyata keçirmək olmaz. Nazirlik vəhşi heyvanların ovlanmasına icazə verərsə yaxşı olar ki, bu prosesə ovçular cəmiyyətindən nümayəndələr cəlb edilsin”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top