“Gənc ailələri evlə təmin etmək üçün bu üsul nəzərdən keçirilə bilər” — Deputat

GÜNDƏM 28 noy 2023, 20:02
Türkiyədə ilk dəfə ailə quran gənclərə iki il müddətinə faizsiz evlilik krediti veriləcək. Kreditlər ilk növbədə fevralın 6-da baş vermiş zəlzələlərdə zərər çəkmiş 4 şəhər və bəzi rayonların gənclərinə veriləcək. Belə ki, Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında qəbul olunan Ailə və Gənclik Fondunun yaradılması haqqında qanun layihəsi qüvvəyə minib. Qanun layihəsinə əsasən, Türkiyənin neft, təbii qaz və mineral ehtiyatlardan əldə etdiyi gəlirin 20 faizi ölkənin Xəzinə və Maliyyə Nazirliyi nəzdində yaradılacaq fonda köçürüləcək. Kreditin məbləği 150 min Türk lirəsidir. Gənclərə kredit ilk iki il güzəştli, dörd il ərzində isə geri ödəmək şərti ilə veriləcək. Kreditdən istifadə edəcək şəxslər üçün yaş həddi və digər ödənişlər Fondun rəhbərliyi tərəfindən müəyyən ediləcək.
 
Azərbaycanda da gənc ailələrin maddi dəstəyə ehtiyacı var. Boşanmaların statistikası hər il artır, sırf maddi çətinliklər ucbatından evlənmək istəməyən gənclərə rast gəlirik. Bunlar da öz növbəsində ailə institutu qarşısında ciddi təhlükə deməkdir. 

Milli Məclisin deputatı Vahid Əhmədov hesab edir ki, qardaş ölkə modelini Azərbaycanda  da tətbiq etmək mümkündür:

“Gənclər ailə qurmaqda, özlərinə şərait yaratmaqda çətinlik çəkirlər. İpoteka kreditləri, sosial evlər var, lakin bunlar da kifayət qədər baha başa gəlir. Sosial evlər 25 il müddətinə verilir, 2-3 otaqlı ev almaq istəyən şəxs bu illər ərzində ayda 700-800 manat ödəməlidir. Bunun üçün də gərək minimum 1200-1300 manat gəliri olsun. Türkiyədə edilən güzəştin detalları öyrənilməli, tətbiq imkanları nəzərdən keçirilməlidir. Mövcud şərtlər və imkanlar nəzərə alınaraq oxşar güzəştlər tətbiq oluna bilər. Gənc ailələr arasında kirayədə yaşayanların sayı çoxdur, ev probleminə görə boşananlar da az deyil. Gənc ailələri evlə təmin etmək üçün bu üsul nəzərdən keçirilə bilər”. 


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top