Səttar Möhbalıyev: “Bakıda keçirilən SPECA həftəsi iştirakçı ölkələr arasında qarşılıqlı iqtisadi əməkdaşlığa güclü təkan verəcək”

SİYASƏT 25 noy 2023, 10:00
“Artıq uzun illərdir Azərbaycan mövzusundan asılı olmayaraq, regional və beynəlxalq əhəmiyyətli tədbirlərin, qlobal xarakterli müzakirələrin, dünyanı narahat edən problemlər üzrə danışıqların aparıldığı, eləcə də bəşəriyyətin taleyi ilə bağlı vacib qərarların verildiyi mərkəzə çevrilib. Təbii ki, bu, ölkəmizdə bərqərar olan siyasi sabitlik, Azərbaycanın artan iqtisadi qüdrəti, əlverişli coğrafi mövqeyi, irəli sürdüyü təşəbbüslərin və həyata keçirdiyi layihələrin əhəmiyyəti, güvənli tərəfdaş statusunu qazanması, habelə dövlətimizin başçısı cənab İlham Əliyevin şəxsi nüfuzu, dünyanın gələcəyi ilə bağlı dəyərli fikirləri, sülh və təhlükəsizliyə verdiyi töhfələrlə bağlıdır. Keçirilən bütün tədbirlərə, o cümlədən beynəlxalq idman yarışlarına belə Azərbaycan məharətlə, nümunəvi şəkildə ev sahibliyi edir və bu dünya ictimaiyyəti tərəfindən hər zaman təqdir olunur. İnamla səsləndirə bilərik ki, Prezident İlham Əliyevin müəllifi olduğu müdrik və uzaqgörən siyasət Azərbaycanı qlobal prosesləri yönəldən, dünya xalqlarının xoşbəxt gələcəyi naminə ona müsbət istiqamət verən ölkələr sırasına yüksəldib”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Bu günlər daha bir əlamətdar tədbir - BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı - SPECA həftəsi paytaxtımızda təşkil olunub. Həftə çərçivəsində baş tutan Ticarət və Gender və DİM-lər üzrə İşçi Qruplarının iclasında, İqtisadi Forumda, Rəhbər Şuranın sessiyasında aparılan müzakirələr, gəlinən qənaət, qəbul olunan qərarlar və imzalanan sənədlər, inanırıq ki, Proqramın əhatə etdiyi ölkələrdə davamlı iqtisadi inkişafı təmin edəcək, qarşılıqlı faydalı əməkdaşlığa güclü təkan verəcək. Dünən isə SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü keçirildi, üzv ölkələrin prezidentləri və başqa yüksək səviyyəli rəsmiləri tədbirdə iştirak etdilər. Qısa olaraq qeyd edim ki, regionun əsas aparıcı ölkəsi olan Azərbaycan Mərkəzi Asiya dövlətləri üçün son dərəcə əhəmiyyətli tərəfdaşdır və bu ölkələrin iqtisadi inkişafına mühüm töhfələr verir. Bildiyimiz kimi, həmin ölkələrin Avropaya çıxışı tranzit imkanları geniş olan Azərbaycansız, ümumiyyətlə, mümkün deyil. Bu istiqamətdə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizini qeyd etmək istərdim. Səmərəli fəaliyyətinə ölkəmizin mühüm töhfələr verdiyi Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən qısa və əlverişli yol olmaqla qlobal ticarətdə kifayət qədər faydalıdır. Azərbaycan Dəhlizin uğurlu fəaliyyəti üçün üzərinə düşən işləri nümunəvi şəkildə yerinə yetirir, bu istiqamətdə yükdaşımaların həcminin artırılması istiqamətində səylə çalışır”, - Milli Məclisin deputatı bildirib.

“Zirvə görüşündə çıxış edən dövlətimizin başçısı cənab İlham Əliyev ölkəmizin uğurlu iqtisadi göstəricilərini, Cənubi Qafqazda yaratdığı reallıqları və dəyişməz mövqeyini iştirakçıların diqqətinə çatdırdı. Səslənən rəqəmlər bir daha təsdiqləyir ki, ölkəmiz iqtisadi və digər sahələrdə davamlı inkişaf yolu tutub, göstəricilər ildən-ilə yüksəlir. Ötən 20 ildə ümumi daxili məhsulun 4, büdcə gəlirlərinin 30, xarici ticarət dövriyyəsinin 10 dəfədən çox artması dövlətimizin uğurlu iqtisadi siyasətinin təzahürüdür. Həqiqətən də, qısa zaman kəsiyində bu qədər nailiyyətlərin əldə olunması dünya ölkələri arasında az təsadüf edilən təcrübədir. Bu illər ərzində dünyada ardıcıl iqtisadi böhranlar baş verib, acı fəsadlara yol açan pandemiya dövrü yaşanıb. Amma düzgün müəyyənləşmiş və həyata keçirilmiş iqtisadi strategiya Azərbaycanı bu böhranlardan təsirsiz ötüşməyə imkan verib”, - AHİK sədri vurğulayıb.

Səttar Möhbalıyev əminliyini ifadə edib ki, Azərbaycanın ev sahibliyi etdiyi bu Zirvə görüşü Proqrama üzv olan ölkələr arasında əməkdaşlığı dərinləşdirəcək, iqtisadi münasibətlərdə yeni imkanlar açacaq.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top