Bu hallarda dönərdən zəhərlənə bilərsiniz — Qida mütəxəssisindən AÇIQLAMA

GÜNDƏM 26 okt 2023, 19:50
Xəbər verdiyimiz kimi oktyabrın 24-də paytaxtın Binə qəsəbəsində 16 məktəbli dönərdən zəhərlənərək xəstəxanaya yerləşdirilib. 

Dönərdən zəhərlənmə halları tez-tez baş verir.

Qida təhlükəsizliyi üzrə ekspert Asim Vəli Demokrat.az-a açıqlamasında bunun səbəblərini izah edib:

"Dönər toyuq və ət olmaq üzrə iki cür hazırlanır. Sağlamlıq problemləri olan insanların dönərdən imtina etməsini tövsiyə edirik. Xüsusilə tam bişib-bişməməsi də diqqət edilməli əsas məqamlardandır. Toyuq dönəri tez hazırlandığı və daha ucuz olduğu üçün çox alınır.  Dönərin məya dəyərini daha da aşağı salmaq istəyən işbazlar onun tərkibinə ətdən başqa müxtəlif məhsullar və maddələr də qatırlar. Belə olduğu halda dönər qidadan çox zəhərli bir maddəyə çevrilir".
 
Ekspert bildirib ki, "fast-food" qida olan dönərin harda yeyildiyi və necə bişirilməsi də vacib məqamlardan biridir:



"Ətin tez bişməsi, odun altında çox qalması yağların xarab olmasına səbəb olur və çox yedikdə xərçəngə yoluxma riskini artırır. Həmçinin bir çox dönər hazırlayan restoranlar da bir gündən artıq qalan dönərləri yenidən müştərilərə servis edirlər və bu hal xərçəng riskini yüksəldir. 

Ət və ya toyuq dönərinin necə saxlandığı da müəmmalıdır. Düzgün saxlanılmayan ətlər qısa müddətdə xarab olur. Xarab olmuş ətdən hazırlanan dönər müştərilərə servis edilir və başda mədə narahatlığı olmaqla, qida zəhərlənmələrinə gətirib çıxarır".

Asim Vəliyev qeyd edib ki, ət çox bişdikdə ortaya çıxan zərərli maddələr kanserogen təsir göstərir:

"Ət nə çox bişməli, nə də çiy qalmalıdır. Çiy ətdə olan zərəli bakteriyalar sağlamlıq problemlərinə gətirib çıxarır. Başda ishal olmaqla, mədə və bağırsaq narahatlıqlarına səbəb olur. Yaxşı bişmiş və zərərli orqanizmlərdən qorunmuş ət 70 və yuxarı dərəcədə bişmiş ətdir. Ət odla birbaşa təmasda olmamalıdır. Odda 10-15 saniyə saxlamaq lazımdır. Bundan aşağı temperaturda bişən ətlərdən insana xəstəliklər və infeksiyalar keçə bilər". 

Törə Zeynallı 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top