Astarada üç uşaq anasına xəsarət yetirildi — TƏFƏRRÜAT

KRİMİNAL 16 okt 2023, 13:25
Astara rayonunda 1977-ci il təvəllüdlü Səfa ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Xatirəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin avqustun 24-də Astara rayonunun kəndlərindən birində baş verib. 

Səfa yaşadıqları fərdi yaşayış evinin həyətində arvadı Xatirə ilə aralarında ailə münasibətləri zəminində baş verən mübahisə zamanı onun sol əl nahiyəsini qəsdən buraraq, ona xəsarətlər yetirib.

Hadisəni törədən Səfanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səfa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Astara rayon Kakalos kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır:

“Ailəliyım, himayəmdə üç azyaşlı uşağım var. Zərərçəkmiş Xatirə mənim arvadımdır”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, avqustun 24-də, saat 11 radələrindən saat təxminən 17 radələrinə kimi yaşadığı evdə yemək yeyib və spirtli içki qəbul edib: “Həmin gün, saat 19 radələrində arvadım yaşadığım evə gəldi. Mənim sərxoş olduğumu gördü və mübahisə etməyə başladı. Arvadım sərxoş olduğuma görə iradını bildirməsi xoşuma gəlmədiyi üçün əsəbləşdim və həyətə gedərək onun sol əl nahiyəsinədən qəsdən tutaraq burdum. Ona bu qaydada xəsarət yetirdim”. 

Bu cinayət işinə Astara rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Səfanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top