"Xankəndidə qondarma seçkinin keçirilməsi gülünc bir şou idi" — Deputat

GÜNDƏM 11 sen 2023, 13:11
“Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu gün bütün dünya bu həqiqəti bilir və təsdiq edir. Sentyabrın 9-da Xankəndidə qondarma seçkinin keçirilməsi gülünc bir şou idi. Bu şounun da sonunu görəcəyik”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.

O qeyd edib ki,  dünənə qədər Avropanın nüfuzlu təşkilatları Qarabağın “Artsax” adı altında müstəqil dövlət olmalı olduğunu diqtə edirdi. Bu günsə özləri qondarma seçkini tanımır: 

“Buna seçki də demək olmaz. Xankəndidə gərginləşən vəziyyət əslində Azərbaycanın ziyanına deyil, xeyrinədir. Xankəndidə erməni əsilli Azərbaycan vətəndaşları qarşısında seçim qoyulub – ya bu dövlətin vətəndaşlığını qəbul edirsiniz, ya da əgər separatçı mövqeyiniz davam edəcəksə, bu torpaqda yaşamaq haqqınız yoxdur”. 

A.İsgəndərov vurğulayıb ki, 30 il ərzində düşmənin bizə qarşı etdiyi qəddarlıqları unutmamışıq: 

“Cənab Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycanla Ermənistan arasında qonşuluq münasibətləri yarana bilər, lakin tariximizi heç vaxt yaddan çıxarmaq olmaz. 44 günlük Vətən müharibəsində dünyaya sübut etdik ki, Ali Baş Komandanın öndərliyilə şanlı ordumuz torpaqlarımızı qorumaq üçün hər şeyə hazırdır. Tariximizi artıq 70 il əsarətində qaldığımız Sovet deyil, özümüz yazırıq”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top