Gözlərə nur verən sehrli əllər...

SOSİAL 10 avq 2023, 23:07
İnsana ömür yaşamaq üçün verilir. Bu ömür yolu isə illərlə ölçülür. İllərin çoxluğu ömrün uzunluğu deyil. Əsl ömür onun necə yaşanmasıdır. Həyatda elə insanlar var ki, onların yaşadıqları ömür başqaları üçün örnək olur, həyat məktəbinə çevrilir. Bu cür adamlar xalqına qəlbən bağlı insanlar olurlar. İnsanların xarakteri müxtəlif olduğu kimi, onların həyat fəaliyyətləri də müxtəlif olur. Elə ömür var ki, yalnız o, şəxsin özünə mənsub olur. Elə ömürlər var ki, şəxsi həyatdan çıxaraq elə, obaya, vətənə aid olur. Belə ömür sürənlərdən biri də dəyərli, mənalı həyatını şam kimi əritməkdən həzz alan, işıqlı əməlləri, xeyirxah, nəcib işləri ilə xalq arasında böyük hörmət qazanmış, əsl insan, gözəl həkim, nəcib şəxsiyyət, kölgələnmiş, nurunu itirmək ərəfəsində olan xəstələrə nur paylayan həkim "Nur" klinikasının sahibi oftalmoloq Günel xanım Qubadovadır.

Günel xanımın üzündəki heç əskik olmayan təbəssüm,barmaqlarındakı sehrli ecaz nigaran, solğun qəlblərə elə işıq saçır ki, o işığın şöləsindən yaranan ümid işığı solmayan arzuların nicat işığıdır. Gəlin bu nəcib insanla, gözlərin minnətdar olduğu həkim qızla yaxından tanış olaq.

Qubadova Günel Tofiq qızı Salyan rayonunun Qarabağlı kəndində 1981-ci ildə anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub, 2004-cü ildə Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. Oftalmologiya üzrə internaturanı bitirdikdən sonra  Şirvan şəhərində "Diaqnostika" mərkəzində fəaliyyətə başlayıb, 2016-cı ildə "Nur" klinikasında fəaliyyətini davam etdirib. Katarak, Qulakoma, Çəpgözlük əməliyyatları edir, göstərilən bu əməliyyatlar hamısı lazer üsulu ilə həyata keçirilir.  Sadə həyat tərzi yaşayan, yüksək savada, intellektual mədəniyyətə malik olan bu nəcib xanımın xeyirxah əməlləri ölkəyə səs salıb.

Təsadüfi deyil ki, Günel xanımın qəbuluna respublikanın bütün rayonlarından xəstələr gəlir, müalicə olunub, xoş əhvalla dua edərək, evlərinə gedirlər. Mən Günel həkim haqqında bu qeydləri edərkən, müqəddəs Quran'i Kərimin "Əl-Bəqərə" surəsinin 269-cu ayəsini xatırlatmağı lazım bildim.

"Allah istədiyi şəxsə himmət olur, mərifət, müdriklik bəxş edir. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir, əbədi səadət verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk edərlər.  Günel həkimin gördüyü işləri müşahidə edərkən, bir daha anladım, həyatda elə insanlar var ki, onlarla tanışlıq taleyin bəxşişidir. Bəzən adama elə gəlir ki, bu dünya ötəri bir səsdir, ilğımdır. Biz yalan ümidlərin al dilinə aldanıb, onun əlindən tutmuşuq. Daim harasa tələsir, nə isə gözləyirik və beləcə gözümüzün kökü sarala-sarala yol gedirik,bəlkə də gəlirik. Sirlərlə dolu kainatda cana doyuruq, ona asi olmaq keçir ürəyimizdən. İşıq axtarırıq adını, biçimini, bilmədiyimiz işıq. O işıq sənsən Günel həkim. Çöhrəndəki parıltı, nur bir andaca dünya işığına iynə ucu boyda ehtiyacı olan xəstə gözündə nur atəşinə çevrilir. Könülləri fəth edən, insanlara nur paylayan, Günel xanım. Bir insan ömrünü nura qərq etmək, qışın buzlu şaxtasında Novruz gülünə çevrilməkdir. Biz elə cəmiyyətdə yaşayırıq ki, orada ideal insan axtarmaq çətin işdir. Necə qorunsan da fərqi yoxdur, çirkab dalğasının  bir damcısı hökmən sənin üstünə sıçrayacaqdır. Bu, bizim taleyimizdir.    
 
Şirvan Mərkəzi Xəstəxanasının istedadlı ürək həkimi Əfsər Nəcəfov Günel həkim haqqında həvəslə söhbət açır:

 "Günel həkimin nəcib peşəni seçməsində mənim də rolum olub. Göz həkimi olmasını ona mən tövsiyə etmişəm. Hazırda onun yorulmaq bilmədən saf niyyətlə  fəaliyyət göstərməsi, özünə çox böyük tələbkarlığı məni sevindirir". 
   
Mənim Günel həkimlə tanışlığımın  tarixi çox da uzaq deyil. Ləman Ələşrəf qızının rəhbərlik etdiyi Laf TV - də çıxışım var idi. Qeyd edim ki, Laf TV - də hər həftənin cümə günü saat 17:00 - da ictimai nəzarət qrup üzvlərinin söhbəti olur. İctimaiyyətin ciddi marağına səbəb olan və maraqla qarşılanan bu verilişlərdə mən də müntəzəm çıxış edirəm deyən Azərbaycan Türk Dünyasının Əməkdaşlıq Mərkəzinin başqanı, fəal ictimai və siyasi xadim İlham İsmayılov söhbətə başlayır:

"Şirvan şəhərindən məktub daxil olmuşdu. Məktubda "Nur" klinikasının baş həkimi Günel Qubadovanın xeyirxah, nəcib işindən, xəstələrinə necə həssas yanaşmasından bəhs olunmaqla yanaşı, onun işinə mane olanlardan da danışılırdı. Məktubla yerində tanış olmaq üçün Şirvan şəhərinə "Nur" klinikasına getdik, Günel xanımla yaxından tanış olduq. Şirvandan, ətraf rayonlardan gələn, gözlərinə şəfa istəyənlərlə söhbətləşdik. Öyrəndik ki,müraciət eden xəstələrin əksəriyyətinin narazılığı klinikanın yerləşdiyi küçədə avtomobillərin dayanmasına qoyulan qadağalardandır. Belə anlaşılırdı ki, müraciət etməyə gələn  xəstələr öz şəxsi minik maşınlarını  qonşu küçələrdə, klinikadan xeyli aralıda saxlamalı və klinikaya piyada gəlməlidirlər. Bu hal çox doğru olaraq, süni və gərəksiz mane kimi qiymətləndirilir və kütləvi narazılığa səbəb olurdu. Biz vəziyyətlə yerindəcə tanış olduq, xəstələrin haqlı narazılığını əlaqədar təşkilatlar qarşısında qaldırdıq. Yaxşı haldır ki, qaldırılan məsələ anındaca həll olundu. Xəstələrin gəliş-gedişi üçün rahatlıq təmin edildi".

Təki Günel həkim kimi kadrlarımız çox olsun. Biz belə həkimlərin arxasındayıq. Yazımı Azərbaycan Jurnalistlər İttifaqının üzvü, qocaman jurnalist, Şirvan Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimovun sözü ilə  bitirmək istəyirəm:

"Günel xanımın daxilindəki, qəlbindəki parlayan işıq, nur, gözlərdə şölələndikcə bizə də rahatlıq gətirir"

Cəfər Cəfərli
Yazıçı-publisist

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top