“Urmiya gölü Tehran rejiminin qurbanına çevrilib” — AÇIQLAMA

GÜNDƏM 07 avqust 2023, 17:20
Urmiya gölünün xəritədən silinməsi günbəgün sürətlənir. İran dövləti isə ekoloji fəlakətə laqeyd münasibət göstərməyə davam edir. 

İranşünas Sədrəddin Soltan Demokrat.az-a açıqlamasında bildirib ki, Urmiya gölünün bu vəziyyətə gəlib çatması İran siyasi hakimiyyətinin riyakarlığını və saxtakarlığını göstərir.

“Urmiya gölündə suyun həcmi əvvəllər 33 milyard kub metr olub. İndi bu rəqəm 33 dəfə azalıb. Bunun da günahkarı Tehran rejimidir. 

Urmiya gölü tək susuzluqdan əziyyət çəkmir. Gölün flora və faunası, canlılar aləmi məhv olub. Bu ekoloji fəlakət göldən 500 km-lik radiusdakı canlı həyat üçün də təhdiddir. 
Gölün quruması insanların həyatı üçün də real təhlükədir. Amma onun bərpası üçün heç bir iş görülmür. Hakimiyyət Kani-sib kanalı vasitəsilə gölə 300 milyon kub metr su buraxıb, lakin bu, kifayət deyil. Gölün yenidən canlanması üçün ayrılan vəsait mənimsənilir”.   

Ekspert qeyd edib ki, gölün məhv olma təhlükəsi hakimiyyətə yaxşı bəllidir, onun bərpa edilməməsi İran rejiminin məkrli siyasətinin təzahürüdür. Çünki Urmiyanın güneyli soydaşlarımız üçün mənəvi dəyəri böyükdür. 



“İran hakimiyyəti bunları yaxşı bilir, amma fəlakətin qarşısının alınması üçün vaxtında tədbir görülməyib. İllərdir gölün quruması ilə bağlı etirazlar baş verir, hakimiyyət addım atmaq əvəzinə etirazçıları təqib edir, onları “din düşməni” adlandırır. 

İran parlamentinin bəzi deputatları gölün dirçəldilməsinin əleyhinə səs verib. Bu,  bir daha Tehran hakimiyyətinin saxtakarlığına işarədir”. 

 Qeyd edək ki, iyulun 18-dən İrandakı azərbaycanlı ekofəallar tərəfindən Urmiya gölünün üzləşdiyi ekoloji fəlakətlə bağlı kampaniya başladılıb. Məqsəd məhv olmaqda olan gölün hazırkı vəziyyətinə beynəlxalq ictimaiyyətin diqqətini çəkməkdir.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 iyun 2025, 22:50
Top