Zahid Oruc: “Ərdoğan 44 günlük Vətən müharibəsində sonadək Azərbaycanın yanında oldu”

GÜNDƏM 06 iyn 2023, 18:36
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi dünyəvi bir hadisəyə çevrildi. Orada iştirak edən bütün hökumət başçıları, eləcə də tədbirə qatılmayan dünya dövlətlərinin siyasi elitası və cəmiyyəti bunu bir qlobal törən kimi izlədi. Seçkilər sözün həqiqi mənasında bir ölkənin daxili hadisəsi olmaqdan çıxdı. Çünki ötən 20 il ərzində Türkiyənin mənəvi və siyasi coğrafiyası böyüyüb. İstər islam, istər türk dövlətləri qeyri-coğrafiyalarda, qeyri-siyasi məkanlarda özünə çox böyük tərəfdarlar qazanıb. Yəni, Türkiyə regional dövlət olmaqdan çıxıb”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.  

Deputat bildirib ki, ötən illər ərzində Ərdoğan-Əliyev xətti ölkədə və dünyada geosiyasi dəyişikliklər yaradıb:

“Vaxtilə türkdilli dövlətlərin bir araya gəlməsi bölgədə konyukturadan asılı olurdusa, indi onlar xarici siyasətdə önəmli bir qüvvə və güc mərkəzi olaraq çıxış edirlər. Eləcə də iki dövlət arasındakı münasibətlər, iqtisadi, mədəni, siyasi və hərbi əlaqələr o vəziyyətə çatdı ki, indi bir sıra beynəlxalq xarici siyasət məsələləri vahidləşdi, o cümlədən daxili məsələlərdə də hər iki dövlətin bir-birinə çox güclü qatqısı oldu. 

Xüsusilə də, cənab Ərdoğan 44 günlük Vətən müharibəsində sonadək Azərbaycanın yanında oldu. Həmçinin, dəfələrlə millətimizə sevgisini dilə gətirdi və bütün bunlar inkar edilməzdir. 

Bir mərkəz rəhbəri kimi qarşıdakı seçkilərə nə dərəcədə marağınız var? Onu diqqətlə izləyirsiniz? və s. kimi sualları ictimailəşdirmişdik. 80 faizdən yuxarı insan Türkiyədəki seçkiləri müntəzəm müəyyən bir qrafikdə izlədiklərini göstərdi ki, bu da kifayət qədər yüksək rəqəmdir. 

O cümlədən, vətəndaşlarımızın 90 faizi Ərdoğanın qalib gələcəyinə inandıqlarını bildirdilər. Ərdoğanın qalib gəlməsindən sonra onu ilk təbrik edən liderlərdən biri və ya birincisi Azərbaycan dövlətinin rəhbəri oldu. Bu da özlüyündə o demək idi ki, ölkəmiz öz coğrafiyasından kənarda bir iradə ifadə etmiş oldu. 

Hesab edirəm ki, ümumiyyətlə bu xətt davam edəcək. Hökumət rəhbərləri sırasında cənab Prezident İlham Əliyev və hörmətli Mehriban xanım Əliyevanın bilavasitə əyləşdiyi böyük salonda Ərdoğanla çiyin-çiyinə dayanmaları, tribunadan da müraciət etməsi, Azərbaycan dövlət rəhbərinin adını birinci çəkməsi, salonda ona verilən qatqı, yəni insanların böyük bir alqış sədaları, bunun bir dalğa effekti yaratması özlüyündə sübut edirdi ki, Azərbaycana və onun liderinə türk xalqı içərisində nə qədər məhəbbət var. 
Həqiqətən də bu iki dövlət rəhbəri arasında qarşılıqlı ehtiram, yüksək qardaşlıq, dostluq var. Hətta, deyərdim ki, bu qardaşlıqdan da yuxarı bir hadisədir. Çünki keçmiş sovet məkanı ölkələrində qardaşlar arasında necə amansız və ağır savaşların getdiyini də görməkdəyik”.


Şəhanə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top