“Oğlum məni təhqir edir, döyür” — Şiddət görən ana DANIŞDI

HADİSƏ 06 iyn 2023, 14:32
Neftçala rayonunda 1964-cü il təvəllüdlü Elxan ailə münaqişəsi zəminində anası Yeganəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə Neftçala şəhərinin mərkəzində baş verib. 

Elxan yaşadığı evdə anası Yeganə ilə mübahisə edib. 

Mübahisə zamanı anasını yumruqla vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Elxanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. 

O bildirib ki, anası ilə uzun müddətdir küsülü olmasına baxmayaraq, onunla eyni ünvanda yaşayıb: 

“Anam heç bir səbəb olmadan mənə tikanlı sözlər deyərək öz-özünə danışır. Bu səbəbdən dəfələrlə anam ilə aramızda mübahisələrimiz olub”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, 6 oktyabr 2022-cı ildə, saat 20 radələrində yaşadıqları evdə öz otağında yemək yediyi vaxt bir qədər spirtli içki içib: 

“Həmin vaxt yenə də anam mənə tikanlı sözlər dedi. Lakin mübahisə etmədim. Anamı vurmamışam. Ona heç bir xəsarət yetirməmişəm”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, anasının ona qarşı şikayətlər etməkdə məqsədi onun evdən çıxarmaqdır: 

“Elə bu məqsədlə də anam polisə mütəmadi müraciətlər etməklə məni şərləyir”. 

İş üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Yeganənin sözlərinə görə, oğlu Elxan ilə mütəmadi olaraq mübahisə və münaqişələr yaradır, onu nalayiq sözlərlə təhqir edir, hədə-qorxu gəlir və döyür: 

“Bundan əvvəl də oğlum tərəfindən döyülməm ilə bağlı polisə müraciət etmişəm. Nəticə olaraq oğlum Neftçala rayon Məhkəməsinin 8 iyun 2022-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Lakin bundan sonra da oğlum mənə qarşı qərəzli hərəkətləri səngiməyib”. 

Zərərçəkmiş şəxsin sözlərinə görə, oktyabrın 6-da evdə tək olduğu vaxt Elxan həmişəki kimi, yenə də evə sərxoş vəziyyətdə gəlib: 

“Məni görən kimi üstümə qışqırdı, evdən çıxmağımı tələb etdi. Mübahisə zamanı Elxan məni həyətə çıxararaq yumruqla sol gözaltı və qaş nahiyəmə vurdu. Zərbənin təsirindən müvazinətimi itirərək yerə yıxıldım”. 

Bu cinayət işinə Neftçala rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Elxan 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top