Siyasi şərhçi: “Təbii fəlakətdən Ərdoğana qarşı sui-istifadə cəhdləri belə iflasa uğradı”

TƏHLİL 31 may 2023, 16:00
“Xalqların, dövlətlərin və siyasi sistemlərin inkişaf səviyyəsindən asılı olmayaraq, şəxsiyyətlərin tarixi proseslərdəki rolu bu gün də öz əhəmiyyətini qoruyub saxlayır. Bu baxımdan, Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə Prezidenti seçilməsi, ilk növbədə qardaş ölkə, daha sonra isə türk-islam dünyası və Avrasiya məkanı üçün mühüm əhəmiyyət kəsb edir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib. 

Elçin Mirzəbəyli bildirib ki, Rəcəb Tayyib Ərdoğanın Türkiyəyə rəhbərlik etdiyi zaman kəsiyində qardaş ölkənin beynəlxalq münasibətlər sisteminin çəkindirici təsir potensialına malik müstəqil subyektinə çevrilməsi istiqamətində böyük bir məsafənin qət edildiyini görə bilərik:  

“Əslində şəxsiyyətlərin tarixi proseslərin gedişatını dəyişmək bacarığının sirrini və Qərb siyasi sisteminin hansı səbəblərdən güclü xarakterə, strateji baxış bucağına malik xarizmatik liderləri sevmədiyinin səbəbini də elə burada axtarmaq lazımdır. Qlobal proseslərə illərdən bəri formalaşdırdıqları, oturuşmuş mexanizmlərlə nəzarət edən güc mərkəzlərini narahat edən əsas faktor güclü şəxsiyyət amilidir. Çünki onun manevrlərini, atacağı addımları, verəcəyi qərarları proqnozlaşdırmaq mümkün deyil, yaxud olduqca çətindir. 
Təsadüfi deyil ki, əksər Qərb institutlarının ekspertləri Rəcəb Tayib Ərdoğanın yenidən seçilməsinin təmsil etdikləri ölkələr üçün arzuolunmazlığını məhz onun güclü xarakterə, strateji baxış bucağına sahib lider olması və verdiyi qərarların proqnozlaşdırılmasının mümkünsüzlüyü ilə əlaqələndirirdilər. 

Türkiyədə keçirilən seçkilərin nəticələri isə sübuta yetirdi ki, Qərbin siyasi institutları, təkcə Rəcəb Tayyib Ərdoğanın deyil, həm də Türkiyə vətəndaşlarının atacağı addımları, verəcəyi qərarları proqnozlaşdırmağı bacarmayıblar”. 

Siyasi şərhçi qeyd edib ki, Türkiyə xalqı Rəcəb Tayyib Ərdoğana növbəti dəfə, həm də ölkənin ictimai rəyinə, Türkiyə iqtisadiyyatına, qardaş ölkənin milli valyutasına ən müxtəlif istiqamətlərdən total və fasiləsiz təzyiqlərin edildiyi, Türkiyəni zəif düşürməyə, parçalamağa çalışan bütün şər qüvvələrin misli görünməmiş bir həmrəylik nümayiş etdirdikləri zaman kəsiyində Prezident seçməklə, əslində nəyin baş verdiyinin fərqində olduğunu bir daha sübuta yetirdi:

“Hətta, təbii fəlakət kimi bir amildən Rəcəb Tayyib Ərdoğana qarşı sui-istifadə cəhdləri belə iflasa uğradı. Çadırda yaşayan insanlar, qarşılaşdıqları bütün məhrumiyyətlərə baxmayaraq, Ərdoğana və müstəqil, güclü, ədalətli, qətiyyətli Türkiyəyə səs verdilər. Türkiyə növbəti dəfə Çanaqqala ruhu nümayiş etdirdi, istiqalalına sahib çıxdı, imperializmin və onun İran və Ermənistan kimi buyruq qullarının planlarını pozdu. Bu, şübhəsiz ki, Türk xalqının və Rəcəb Tayyib Ərdoğanın tarixi qələbəsidir”.


Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top